Ölkəmizdə geniş vüsət almış təhsil islahatları müəllim hazırlığını, pedaqoji kadrların yetişdirilməsi səviyyəsini, onların peşəkarlığını və bacarıqlarını önə çəkir.
İlkin müəllim hazırlığı mərhələsində pedaqoji peşə üzrə keyfiyyətlərin qazanılması diqqət mərkəzində saxlanılır. O cümlədən:
· Ünsiyyət bacarıqlarının formalaşdırılması, bütün şagirdlərə açıq və dözümlü münasibətin nümayiş etdirilməsi;
· Fənlərin və müvafiq tədris proqramlarının mənimsənilməsi;
· Sinfin idarə olunması və qiymətləndirmə bacarıqlarının formalaşdırılması;
· Peşə və onun tarixinə dair biliklərə malik olmaq;
· Yeniliklərə həvəs göstərmək, innovasiyaları tətbiq etmək;
· Müstəqil, yaradıcı, şüurlu fəaliyyət göstərmək.
Qeyd olunan keyfiyyətlərin formalaşması işində ali və orta pedaqoji təhsil müəssisələrində tələbələrə (gələcək müəllimlərə) pedaqoji - psixoloji elmlər üzrə nəzəri biliklər verilməklə yanaşı, praktik bacarıq və vərdişlərin yaradılması həyati zərurət kəsb edir. "Azərbaycan müəllimi" qəzetinin əvvəlki nömrələrində dərc olunmuş yazıların davamı olaraq qeyd edə bilərik ki, bu məsələdə cari dərs ilindən respublikanın üç ali məktəbinin ibtidai sinif müəllimləri hazırlayan fakültələrində tədrisinə başlanmış "Təhsilin əsasları" fənni böyük əhəmiyyətə malikdir."Təhsilin əsasları" fənninin kurikulumu müəllim hazırlığında təlimin məzmununu, səciyyəvi cəhətlərini, məqsəd və vəzifələrini təyin etməklə fənn üzrə təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirməyə və hər bir öyrənənin maraq və ehtiyaclarının ödənilməsinə yönəlmişdir. Fənnin kurikulumu tələbələrin (gələcək müəllimlərin) ehtiyac və maraqları, cəmiyyətin, fərdin və dövlətin tələbatı, təhsil sahəsində direktiv, normativ-hüquqi , təlimati sənədlərin müddəaları və tələbləri əsasında hazırlanmışdır.
Fənnin qarşısında duran ən mühüm məqsədlərdən biri və birincisi budur ki, ali təhsili bitirib müəllim kimi işə başlayanlar yalnız nəzəriyyə ilə silahlanıb məktəbə gəlməsinlər. "İşləyə-işləyə öyrənəcək" yanaşması təhsilimiz üçün böyük təhlükədir. Belə ki, "işləyə-işləyə öyrənənlər" öz arxasında yüzlərlə lazımi bilik və bacarıqlara malik ola bilməyən uşaqlar qoyurlar. Odur ki, müəllimin sinfə daxil olduğu ilk gündən pedaqoji fəaliyyətini uğurla qura bilməsi üçün mühüm bacarıqlara və müəyyən təcrübəyə malik olması vacibdir.
Məlum olduğu kimi, təhsil cəmiyyətin həyatında prioritet sahə olmaqla, insanın inkişafında və formalaşmasında mühüm rol oynayır. O yalnız bilik və bacarıqlar əldə etmək üçün deyil, təhsil alanın və bütövlükdə insanın inkişafını təmin etmək üçün lazımdır. Təhsil prosesinin əsas subyekti öyrənəndir (şagird, tələbə və s.). Öyrənən bilik və bacarıqların daşıyıcısı kimi nəzəri biliklər qazanıb inkişaf etməklə yanaşı, bacarıq və vərdişlərə yiyələnməli, aldığı bilikləri təcrübədə, həyatda tətbiq etməyi bacarmalı, bununla da müstəqil fəaliyyətə, peşəseçməyə hazır, bazar iqtisadiyyatı şəraitində rəqabətqabiliyyətli olmalıdır. Öz həyatını müstəqil qurmağı bacarmalıdır.Şübhə yoxdur ki, öyrənənin inkişafında öyrədənin (müəllim, mentor və s.) rolu əvəzsizdir. Müəllim yalnız hazır bilikləri verməklə kifayətlənməməli, təlim prosesinin mərkəzində durmamalı, şagirdlərin şəxsiyyət kimi inkişafına şərait yaratmalı, onlarla əməkdaşlığa, qarşılıqlı hörmət və anlaşmaya üstünlük verməli, şagirdləri fəallaşdırmalı, təlimi onun maraq və tələbatına uyğun qurmalı, özü məsləhətçi və istiqamətverən rolunda olmalı, şagirdlərin şəxsiyyətinə hörmət etməli, tədris fəaliyyətində humanizm prinsiplərinə əsaslanmalı, "subyekt-subyekt" münasibətlərini rəhbər tutmalıdır. Müəllim yüksək təşkilatçılıq keyfiyyətlərinə, milli zəminə və ümumbəşəri dəyərlərə malik olmalı və bunları öyrənənlərə də aşılamalıdır.
Təhsilin keyfiyyəti səmərəli təhsil və təlim mühitinin yaradılması işindən xeyli asılıdır. Təhsil mühiti təlim mühiti ilə müqayisədə ümumi, mücərrəd, geniş, əhatəli olmaqla öyrənəni azad inkişaf etməyə, yaradıcı fərd olmağa həvəsləndirməli, həyatın özü olmalı, öyrənənlər həyatın içində olmalıdır. Təlim mühiti elə olmalıdır ki, şagirdlər məktəbdə həyat həqiqətlərini tapa bilmək üçün müstəqil düşünsün, qrup halında, kollektiv şəkildə əməkdaşlıq edə bilsin, qarşılıqlı hörmət və ünsiyyət şəraitində irəli sürülmüş problemləri (qoyulmuş sualları) həll edə bilsinlər. Düzgün təhsil və təlim mühiti şəraitində məktəb bütün diqqətini şagirdlərin hərtərəfli inkişafına, onların maraq və ehtiyaclarının təmin olunmasına istiqamətləndirməlidir. Belə olduqda, təhsilin məqsədi şagirdlərə biliklərin yalnız nəzəri cəhətdən deyil, praktikaya əsaslanmaqla, inkişafetdirici xarakterdə verilməsini təmin edə bilər.Yuxarıda qeyd olunanlardan göründüyü kimi, təhsil və təlim prosesinin təşkilində müxtəlif fəlsəfi yanaşmalar mövcuddur. Əlbəttə, bu məsələdə standartlıqdan söhbət gedə bilməz.
Təhsil cəmiyyətin, vətəndaşın, təhsil alanın (öyrənənin) tələbatına və ehtiyaclarına uyğun qurulmalı, onun şəxsiyyət kimi formalaşmasını təmin etməlidir. Hər bir müəllim (öyrədən) özünün təhsil fəlsəfəsini yaratmalıdır.
"Təhsilin əsasları" fənninin "Təhsil fəlsəfəsi və təlim prosesi" adlanan birinci məzmun xətti məhz bu mühüm məsələnin açıqlanması və hər bir tələbədə (gələcək müəllimdə) təhsil fəlsəfəsinin formalaşmasına xidmət göstərir. Bu məzmun xəttinin tədrisinə 40 saat nəzərdə tutulmuşdur. Onun birinci məşğələsi "Təhsil fəlsəfəsi və təlimin təşkilində onun əhəmiyyəti" adlanır. Mövzunu (təhsil fəlsəfəsi anlayışını) açmaq üçün tələbələrə müraciət olunur. 1) "Təhsil fəlsəfəsi" deyiləndə nə başa düşürsünüz? 2) "Təlimin təşkili" ifadəsi sizdə hansı təsəvvürlər yaradır?Hər bir sual üzrə tələbələrin cavab və mülahizələri filipçatda qeyd olunur və vərəqlər divardan asılır. Bundan sonra "Təhsil fəlsəfəsi və təlimin təşkili məsələləri arasında hansı əlaqələr ola bilər" sualı ətrafında tələbələrin mülahizələri dinlənilir və onlara müraciət olunur: "Sizcə, müəllimə təhsil fəlsəfəsi haqqında biliklər lazımdırmı? Müsbət və ya mənfi cavablarınızı əsaslandırmağa çalışın".
Bu məqsədlə aşağıdakı suallar təqdim edilir:
1. Siz nə üçün müəllimlik peşəsini seçdiniz?
2. Müəllimin vəzifəsi nədən ibarətdir?
3. Müasir məktəbi necə görürsünüz?
Suallara müvafiq mülahizələr növbə ilə dinlənilir, təhlil olunur və ümumiləşdirilir. Müəllim: - Suallara bir çoxlarınızın verdiyi cavablar sizin təhsillə bağlı inanclarınız, fərdi yanaşmalarınız və münasibətlərinizdir. Əslində, bunlar sizin təhsil fəlsəfənizdir. Hər bir təhsil işçisinin özünəməxsus formalaşmış təhsil fəlsəfəsi var.iki versiyanı doğru hesab etməyinizə baxmayaraq, daha çox üstünlük verdiyiniz versiyanı seçin. Etdiyiniz seçimlər üzərində hansı təhsil fəlsəfəsinə aid cavablar üstünlük təşkil edirsə, demək, siz həmin fəlsəfi baxışa aidsiniz. Fəlsəfi baxışların nə demək olduğunu (mahiyyətini) başa düşmək üçün özünüqiymətləndirmə cədvəlindən sonra "Təhsilə dair fəlsəfi baxışlar"a həsr olunmuş materialla tanış olub onları araşdırın və nəticələr çıxarın.Araşdırma nəticəsində cavablardan belə rəyə gəlmək olur ki, tələbələr təhsilə fəlsəfi baxışların bəzisinin mütərəqqi, digərlərinin mürtəce xarakterdə olduğunu, müasir və ya ənənəvi üsullara uyğun gəldiyini müəyyən edirlər. Onların əksəriyyəti müasir tələblərə uyğun olan proqressivizm fəlsəfi yanaşmasına üstünlük verirlər.
Müəllim mülahizələri dinləyib növbəti sual tapşırıqlarını verir:
- Təhsil fəlsəfəsi nədir? O, təhsillə bağlı hansı məsələləri əhatə edir?
- Təhsil fəlsəfəsinə necə tərif vermək olar?
Tələbələr test tapşırıqlarının nəticələri üzrə qruplara (proqressivizm, perennializm, essensializm, ekzistensializm) bölünür, sonra təqdimatlar dinlənilir. Vərəqlər sıra ilə divardan asılır və növbəti slayd açılır.
Təlim prosesində müasir təlim texnologiyalarından və İKT-dən istifadə, fəal və interaktiv təlim metodlarının tətbiqi (qruplarla, cütlərlə fərdi iş, debat, diskussiya, təqdimatların müzakirəsi, müxtəlif informasiya vasitələri üzrə axtarışların aparılması, PP təqdimatların hazırlanması və s.) də təhsil fəlsəfəsi anlayışının dərk olunmasına imkan verir.
Müxtəlif məzmunlu nəzəri və praktik xarakterli nəticələrin təhlili prosesində tələbələr belə bir qənaətə gəlirlər ki, bu gün şagirdlərin yaddaşını məlumatlarla yükləyən bir təhsil sistemindən onların idrakını inkişaf etdirən digər təhsil sisteminə keçid zamanı bütün məsələlərə yeni rakursla baxılır.
Yanaşmalar Ənənəvi (essensializm fəlsəfəsi) Müasir (proqressivizm fəlsəfəsi)
Təhsilin məqsədi nədir? Şagirdlərə biliklərin əsaslarını öyrətmək şagirdin daimi inkişafını təmin etmək
Şagird kimdir? şagird bilik və bacarıqların daşıyıcısıdır, onlardan yeri gələndə istifadə edə bilər şagird təcrübə aparandır
Müəllimin rolu nədən ibarətdir? Müəllim böyüklər dünyası ilə uşaqlar aləmi arasında əlaqələndirici rolu oynayır Müəllim, istiqamətləndirici, dəstəkləyicidir
Kurikulum necə olmalıdır? Kurikulum ədəbiyyat, tarix, riyaziyyat və təbiət fənlərinin zamanın sınağından çıxmış əsas ideyalarını əhatə etməlidir Kurikulumda əsas diqqət ona yönəlməlidir ki, şagirdlər ictimai fənlər, tətbiqi elmlər və peşə texnologiyaları üzrə problemləri həll edərək uğurlu üsul və vasitələr seçə bilsinlər
Təlim necə olmalıdır? Fənn üzrə biliklər daha da genişləndirilir Şagirdlər problemin həllinə əsaslanan layihələrə cəlb olunur
"Təhsil fəlsəfəsi və təlim prosesi" bölməsi ümumiləşdirici dərslə başa çatır. Tələbələrə "Mənim təhsil fəlsəfəm" mövzusunda esse yazmaq tapşırığı verilir. Onlara bölmənin əvvəlində 11 test tapşırığı ilə bağlı öz mövqelərini ifadə etmək və pedaqoji yanaşmalarını əsaslandırmaq tövsiyə olunur. Qeyd etmək lazımdır ki, tələbələrin həmin mövzuda sərbəst iş hazırlamaları və semestr ərzində nəticələr essenin uğurla yazılmasına imkan verir.
Nəticə etibarilə söyləmək olar ki, "Təhsil fəlsəfəsi və təlim prosesi" məzmun xəttinin məqsədəuyğun və səmərəli tədrisi "Təhsilin əsasları" fənninin digər məzmun xətlərinin dərindən mənimsənilməsinə təminat verir.
Atəş ABDULLAYEV