![](https://tehsilmedia.az/uploads/posts/2023-05/1683621283_dovltqullugu.png)
Müraciətlər çox, vakant yerlərin sayı isə məhduddur. Dövlət qulluqçusu olmaq istəyənlər mütəmadi olaraq bu problemlə üzləşirlər. Ölkəmizdə müəyyən maneələri aşmaqla dövlət qulluğunda müəyyən vəzifələrdə çalışmaq mümkündür. Bunun üçün dövlət qulluğunun qəbul imtahanın test, daha sonra müsahibə mərhələsini keçməlisən. Lakin bununla bitmir. Namizədlərin qarşısında duran ən böyük maneə vakant yerlərinin sayının az olmasıdır. Dövlət orqanlarında işləmək istəyənlər çox, təqdim edilən vəzifələrin sayı isə azdır. Nəticədə, xeyli namizəd dövlət qulluqçusu olmaq arzusunu reallaşdıra bilmir. Halbuki, dövlət orqanlarında belə vəzifələrdə müddətli müqavilə ilə işləyən kifayət qədər kadr var.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkədə təhsil almış şəxslərin 42 faizi öz ixtisası üzrə işləyir. Son 3 ildə dövlət qulluğuna müraciətlərin sayında azalma müşahidə olunur. Əsas səbəb isə ikinci mərhələyə, yəni müsahibə mərhələsinə edilən müdaxilələlərdir. Digər nüans isə təyinat məsələsidir. Test və müsahibə mərhələsindən keçənlərin 23 faizi işə qəbul olunur. Dövlət qulluğuna qəbul zamanı əsassız tələblər də olur. Ekspertin fikrincə, dövlət qulluğuna qəbulun daha da şəffaflaşdırılması üçün bütün məsələlər Dövlət İmtahan Mərkəzinə həvalə edilməlidir. Eyni zamanda beynəlxalq təcrübədən istifadə olunmalıdır. Dövlət İmtahan Mərkəzinin hüquqi-təminat sektorunun müdiri Ülviyyə Bədəlova deyir ki, bu il mərkəz tərəfindən 2 müsabiqə üzrə müsahibə və 5 daxili iki ümumi müsahibə elanı verilib. Müsabiqə üzrə müsahibələrdə 1017 vakant vəzifə, daxili müsahibələrdə 197 vakant vəzifə, ümumi müsahibələrdə isə 225 vakant vəzifə tutulması üçün elan edilmişdir. Eyni zamanda dövlət orqanları tərəfindən dövlət qulluqçularının dövlət reyestrinə daxil edilmiş məlumatlar mərkəz tərəfindən mütəmadi olaraq öyrənilir. Əgər hər hansısa bir dövlət orqanı tərəfindən tutulması barədə qərar qəbul edilməyən vakant vəzifələrin olduğu mərkəz tərəfindən müəyyən edilirsə bu zaman həmin vakant yerlərin tutulması üçün dövlət orqanlarına məktublar göndərilir. Qurum rəsmisi həmçinin bildirib ki, dövlət orqanlarında vakant vəzifələrin tutulması dövlət qulluğu haqqında qanunla tənzimlənir. Bundan başqa, müddətli əmək müqaviləsi ilə vakant vəzifələrin tutulmasında hansısa məhdudiyyət yoxdur.
Ülkər Abdurahmanlı