Bildiyimiz kimi, müəllim olmaq istəyən şəxslər MİQ imtahanı verirlər. Bu imtahanı ali təhsil ixtisası müəllim olanlar verə bilir. Maraqlısı odur ki, ali təhsil müəssisələrində bu ixtisası bitirənlər MİQ imtahanında olduqca az bal toplayırlar. Bəs bunun səbəbi nədir? Ali təhsil müəssisələrini ixtisaslaşmış kadrlar yetişdirə bilmirlər?
Bu məsələ ilə bağlı təhsil eksperti
Elşən Qafarov Tehsilmedia.az-a açıqlama verib. O bildirib ki, müəllimlərin işəqəbulu imtahanına düşən suallar ölkədə pedoqoji sahədə kadr hazırlayan ali və orta təhsil müəssisələrində keçirilən proqramla üst-üstə düşmür. Vəziyyət belə olduqda bu imtahana hazırlaşanlar kurslara və repetitor yanına getməli olurlar.
Onun sözlərinə görə, bu problemi həll etmək çox sadədir. Bildirib ki, müəllimlərin işəqəbul proqramını ali və orta ixtisas təhsil müəssisələrində tədris olunan proqramla eyniləşdirmək lazımdır. Bu üsulla repetitorluq da aradan qalxacaq, az bal toplayanların sayı minumuma enəcək. Belə olduqda ali məktəbdə yaxşı oxuyan tələbə universitetdə öyrəndiyi proqramla MİQ imtahanında iştirak edəcək və yaxşı nəticə göstərəcək. Həmçinin, bu hal tələbələrin dərslərini universitet vaxtından yaxşı oxumasına stimul olar. Hazırda isə vəziyyət ürəkaçan deyil.
Bununla bağlı aidiyyatı qurumlar tədbir görməlidir.
Ülkər Abdurahmanlı