Son illərdə davamlı müəllimlər təlimlərə cəlb olunur. Amma ortada heç bir nəticədən söhbət belə getmir. Burda bir çox səbəblər sadalamaq olar. Amma bunların heç birində müəllim günahkar tərəf deyil.
Bir tərəfə görə təlim keçmək pul qazanmaqdır. Nə qədər çox adam, nə qədər çox bölgə o qədər çox puldur. Beləliklə də, əksər təlimçi təlimi yola verir və heç nə öyrətmir. Bizdə yeni təhsil sisteminə keçid savadsızlıq problemini əslində aradan qaldırdı. Dara düşən müəllim özün axtar, internet, mənbə və s kimi cavablarla işin içindən çıxır. Yani birbaşa öyrətməni ləğv edir və bir neçə əzbərlənmiş cümlələrlə təlimi yola verir. Bu nə olursa olsun əgər bizim öyrənməmizi ödəmirsə, heç bir nəticədən söhbət gedə bilməz.
Təlimlərin əksəriyyəti keçirilmir keçirilmiş kimi sayılır. Təsəvvür edin, hara müraciət edirik deyirlər 1 gün gəldi sonra qaldı, biri deyir gəldi amma heç nə öyrətmədi, biri deyir elə slayd atdı bizə getdi dedi imtahana hazırlaşın. Təlimin qiymətləndirilməsi də çoxu ya başqasına etdirir, ya təlimçi özü düzgün cavabları verir.
Sonra müəllim təlimdə keçirilməli olan amma heç öyrənmədiyi bilikləri öz cibindən pul verməklə kurslardan öyrənir. Madam ARTİ öyrədə bilmir, elə işçiləri çıxarıb yerinə kursdakıları qoysunlar.
Univeristetlərin adın çəkmək istəmirəm, çünki onları heç sayan yoxdur. İnkubator kimi müəllim buraxır və onların dünyadan xəbəri yoxdur. Bu biabrçılığa isə heç kim səs çıxarmır.
Yaxşı lap deyək ki, təlimlər çox gözəl keçirilir. Heç bir problem yoxdur. Bəs onda niyə heç kim heç nə öyrənə bilmir? Gəlin baxaq, əvvəl məzuniyyət verilirdi, pulu verilirdi, yeməyi, qalacağı yer. Müəllim isə ailə qayğılarından uzaq, dərsdən uzaq sadəcə təlimə yönəlirdi. Amma indi müəllimlər dərsdən çıxır, gedir evə ailə qayğıları, ac susuz girir təlimə. Bəli, 4 saat təlimdə oturmalıdır. Yemək- içmək, uşaqlar, geyim, qonaqlar, aləm dəyir bir-birinə. Onsuz da 6 saat dərsini keçib beyni yorulan biri, bütün gün iş görüb fiziki yorulan biri, ailə qayğıları ilə əzilən biri o təlimdən nə öyrənəcək?!
İnsafla və vicdanla düşünək. Bura Azərbaycandır. Biri qaynanası ilə yaşayır, biri ailə saxlayır, biri 2 işdə işləyir, biri təsərrüfat işləri ilə məşğuldur, birinin körpəsi var, birinin beyni yorulub. Bütün bunları görməzdən gəlib "istəmir işləməsin!" demək əvəzinə problem həll etmək lazımdlr. Yenə əvvəlki kimi ezamiyyət pulu verilsin, ezamiyyətə göndərilsin, bütün ehtiyacları qarşılansın və birbaşa təlimlər keçirilsin. Bir deyil, iki deyil.
Ya da müəllimləri təlim mdüddətində dərs yükündən azad edib sırf təlimə cəlb edin. Bu qədər müəllimlərə yüklənmək düzgün deyil. Siz artıq pul qazanın deyə müəllimləri bu qədər incitmək olmaz.
Əgər həqiqətən nəsə əldə etmək istəyiriksə, bütün gün dərs yükü ilə yorulan müəllimi zorla 4 saat təlimdə oturtmaqla, incitməklə nə Azərbaycan təhsilini inkişaf etdirə bilməzsiz, nə də uğurlu bir təhsil yarada bilməzsiz.
Həqiqətən bəhanə axtaran bəhanə, həll yolu axtaran yol tapar.