
Ali təhsil müəssisələrinə tələbə qəbulu planı demək olar ki, hər il artırılır. 2023-cü ildə universitetlərə qəbul planı 60 minə yüksəlib. Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata əsasən, gələn il bu rəqəm 63 minə yüksələcək. Bunun fonunda diplomlu işsizlər çoxalır. Gənclər və onların valideynləri universiteti bitirdikdən sonra iş tapmaqda çətinlik çəkdiklərini bildiriblər.
Təhsil eksperti Elşən Qafarov bildirib ki, ölkədə ali təhsilli şəxslərin sayı ümumi əhalinin sayına nisbətdə çox azdır. Azərbaycanda hər 100 nəfərdən 17-18 nəfər ali təhsillidir ki, bu cəhətdən də bir çox xarici ölkədən geridəyik. Məhz buna görə də, ali təhsil müəssisələrinə qəbul planı və təhsillilərin sayı artırılmalıdır. Ekspert bildirib ki, bugün əmək bazarının tələblərinə uyğun ixtisasların artırılması ölkənin inkişaf konsepsiyasına uyğundur. Bizim gənclərimiz həm nəzəri, həm praktiki bilgilərə malik olmalıdır. Bu baxımdan kadr hazırlığında böyük rol oynayan ali təhsil müəssisələrinin məzmununda əsaslı dəyişikliklər edilməlidir. Əmək bazarının tələblərinə uyğun olaraq kadr yetişdirilməlidir. Ekspert deyir ki, təhsil həyatında uğurlu olanları müəssisələr işsiz qoymur. Sadəcə ehtiyacın çox olduğu təhsilli şəxslər üçün şərait yaradılıb ki, işəqəbul müsabiqələrinə müraciət etsinlər. Ekspert təhsilli şəxslərin iş tapa bilməməsinə əsas səbəb kimi onların zəif təhsil almasını göstərir.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul, ölkənin sosial-iqtisadi perspektivlərinin, həmçinin əmək bazarının təhlili əsasında aparılır. Bu təhlilləri də, İqtisadiyyat Nazirliyi hazırlayır və təqdim edir. Bununla yanaşı, 2026-cı ilədək ali təhsil müəssisələrinə qəbul olunanların sayının 75 min nəfərə çatdırılması nəzərdə tutulur.