Tam orta təhsil səviyyəsi üzrə şagirdlərin atesttasiya imtahanının nəticələri ilə bağlı təşkil olunmuş appelyasiya komissiyasına 5144 şagird qiymətlərinin araşdırılması üçün müraciət edib. 1900 şagirdin qiymətində dəyişiklik edilib.
Ümumiyyətlə, imtahan nəticələri necə yoxlanılır? Ucqar rayonlarda yaşayan və nəticələrindən şikayətçi olan şagirdlər üçün apellyasiya komissiyaları nə dərəcədə əlçatandır?
TehsilMedia.az xəbər verir ki, balında dəyişiklik edilən 1900 şagirddən 195-i bir tapşırığa aid yazı işini başqa tapşırıq üçün ayrılmış hissəyə yazıb. Araşdırma nəticəsində həmin şagirdlərin xeyrinə qərar verilib. Digər düzəlişlər isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən yalnışlıqlarla bağlıdır.
Ekspertlər hesab edir ki, açıq tipli suallar yoxlanılarkən Dövlət İmtahan Mərkəzi bu işi ancaq həmin fənnin müəllimlərinə etibar etməlidir. İxtisas üzrə müəllimlər cavabları daha diqqətlə yoxlaya bilər. Çünki belə hallarla rastlaşıb haqlarını tələb etmək üçün imkanı olmayan abituriyentlər də ola bilər.
Təhsil eksperti
Adil Vəliyev bildirib ki, ucqar rayonlarda təhsilin keyfiyyəti istədiyimiz kimi deyil. Sözsüz ki, onlar müasir texnologiyadan bir o qədər də uzaqdırlar. Və həmin ucqar kənddə yaşayan şagird, nəticəsi ilə bağlı bir səhvlik olduğunda hara müraciət etməli olduğunu bilmir.
Dövlət İmtahan Mərkəzinin şöbə müdiri
Aydın Qasımov deyilənlərlə razılaşmır. O bildirir ki, onlayn şəkildə də apellyasiya komissiyasına müraciət etmək mümkündür.
İmtahan nəticələrinin yoxlanılması məsələsinə gəldikdə isə, şöbə müdiri bildirib ki, hər hansı bir yazı işi iki markel tərəfindən yoxlanılır. Və hər ikisinin qiyməti üst-üstə düşdükdən sonra bazaya yekun qiymət yazılır. Tələskənlik və diqqətsizlikdən bəzən imtahan nəticələrinin yoxlanılmasında səhvlik baş verir.
Aydın Qasımov həmçinin qeyd etdi ki, apellyasiya komissiyasının qərarı ilə riyaziyyat fənni üzrə 81 nömrəli tapşırığın qiymətləndirmə meyarının E bəndi 0,03 qrupdan 0,67 qrupa keçirilib. Və bu hallara görə şagirdlərin xeyrinə qərar verilib.
TƏHSİL MEDİA