Şagirdlər ali təhsil ocaqlarına qəbul olmaq üçün nəyə görə repetitor yanına getməyə üstünlük verirlər? Məktəblərdə onlara bu bilgini verməyə nə maneə olur?
TehsilMedia.az xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi bildirir ki, nəinki abituriyent, hətta 1-ci sinif şagirdləri də keyfiyyətli tədrisi məktəbdən kənarda öyrənməyə yer axtarır. Hazırda hər hansısa bir şagird məktəb biliyi əsasında yüksək nəticə əldə edə bilmir. Ekspertin sözlərinə görə, təəssüfləndirici məqam ondan ibarətdir ki, Azırbaycanda orta məktəblər yalnız atesstat vermək funksiyası yerinə yetirir. Valideynlər bildirir ki, məktəbdə dərs müddətləri qısadır və müəllimlər dərsləri yaxşı öyrətmirlər.
Deputat
Şamilə Əliyeva isə bu fikirlə razı deyil. Millət vəkili bildirir ki, ucqar kəndlərdə belə hazırlığa getmədən ali məktəbə qəbul olmaq olar.
Repetitorluq fəaliyyətinin mövcud olması o demək deyil ki, Azərbaycanda təhsil səviyyəsi aşağıdır. O bildirir ki, dövlət tərəfindən təhsilə böyük qayğı göstərilir.
Repetitorluqla bağlı digər qərəzli məqam odur ki, orta məktəbdə çalışan müəllimlər sanki şagirdləri repetitor yanına getməyə təhrik edirlər.
Deputat
Ceyhun Məmmədov isə qeyd edir ki, bəzi müəllimlər hətta şagirdlərə bu barədə təklif edirlər. Hazırlıq məsələsi orta məktəbdəki tədrisə inamsızlıq yaradır.
Bəs çıxış yolu nədir?
Elçin Əfəndi diqqətə çatdırıb ki, ilk növbədə müəllimlərin əməkhaqqı məsələsinə baxılmalıdır. Müəllimlərin məktəbə giriş və çıxış saatları təyin olunmalıdır. Ceyhun Məmmədovun sözlərinə əsasən, son illərdə müəllimlərin əməkhaqlarında artım var. Lakin bu, yetərli deyil. Maaş yüksək olsa da, yenə insanlar repetitorluğa meyillənəcək.
Bu isttiqamətdə kompleks tədbirlər aparılmalıdır. Müəllimlərin maaşını artırmaqla yanaşı, orta məktəbdə keçirilən dərslərə də nəzarət gücləndirilməlidir. Belə olan halda repetitorluq olmadan da təhsilin keyfiyyətindən danışmaq olar.
TƏHSİL MEDİA