Valideynlər dəfələrlə müraciət edib bir əsrdən çox yaşı olan məktəb binasının yenidən inşa edilməsini xahiş ediblər və xahişləri yerinə yetirilərək müvəqqəti olaraq başqa məktəbə köçürülüblər. Bina inşa edilsə də, sonradan məktəb kollektivinə bilidirilib ki, köçürüldükləri məktəbdə daimi qalacaqlar. Yeni bina isə lisey kimi fəaliyyət göstərəcək.
Söhbət Qax şəhəri 3 nömrəli məktəbdən gedir.
Valideynlər bildirir ki, övladlarımız yeni inşa olunmuş məktəbdə oxuyacaqları üçün çox sevincli idilər. Lakin bu xəbəri eşitdikdən sonra çox məyus olublar.
Sözügedən məktəbin inşası davam etsə də, səsi-sədası qulaqları cingildədir. Qax şəhəri 3 saylı məktəb binasının bu ilin mart ayında sökülüb yenidən tikilməsi üçün şagird və müəllim heyəti 4 saylı məktəbə köçürülüb. Bir neçə gün öncə məlumat verilib ki, məktəb, lisey kimi fəaliyyət göstərəcək. Valideyn və şagirdlər buna qəti etiraz edirlər. Onların sözlərinə görə, 3 saylı məktəbdə tədris rus dilində aparılır. Və uşaqlar məhz rus dilini bu məktəbdə daha mükəmməl öyrənə bilirdilər.
Yayılan xəbərlərin, iddiaların nə dərəcədə doğru olduğunu Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə təhsil sektoruna müraciət etdik. İdarənin rəsmisi bu xəbəri təkzib etdi və narahatlığa əsas olmadığını bildirdi. Babək Heydərov bildirdi ki, tikinti hazırda davam etdirilir. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Növbəti tədris ilindən məktəb öz fəaliyyətini davam etdirəcək.
Ümid edirik ki, bu açıqlama bütün narahatlıqlara son qoyacaq.
TƏHSİL MEDİA