Əvvəllər bir neçə nəfər 700 bal yığırdısa, artıq 700 bal toplamaq abituriyentlər üçün əlçatmaz olub. Belə ki, martın 12-də keçirilən buraxılış imtahanında heç kim maksimum nəticə göstərməyib. Abituriyentlər bunun səbəbini imtahan suallarının çətinliyi ilə əlaqələndirirlər. Buraxılış imtahında 229 bal toplayan Selcan Sadıqova deyib ki, xüsusilə Azərbaycan dili və riyaziyyatdan açıq tipli suallar daha çətin idi. 272 bal toplayan Emin Məcidli isə sınaq imtahanlarında daha yüksək nəticə göstərdiyini bildirib.
Təhsil eksperti Nizami Hüseynov Dövlət İmtahan Mərkəzinin hazırlıq proqramı vəsaitlərinin 2019-cu ildən yenilənmədiyini bildirib. 4-5 ildə eyni formatda nəşr olunduğu üçün şagirdlər də istinad kimi həmin dərslikləri əsas götürürlər. O bildirib ki, vaxtı düzgün bölüşdürmək lazımdır. 40 dəqiqə ərzində 30 sual işləmək lazımdır.
Dövlət İmtahan Mərkəzinin mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, imtahanlarda 300 balın toplanmamasını imtahanın çətinliyi ilə əlaqələndirmək düzgün deyil. İmtahanlardakı suallar asan, orta və çətin deyə kateqoriyalara bölünür. Bir test tapşırığını iki müəllim yoxlayır və bir-birindən xəbərsiz qiymətləndirmə aparırlar. Qurum rəsmisi deyib ki, test tapşırıqları Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib. Onların tərtib edildiyi dərsliklər də həmin məlumatlara əlavə olunub.