Qazaxıstanın Atırau şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Bu barədə "TehsilMedia.az”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Xalel Dosmuhammedov adına Atırau Universitetində baş tutan tədbir "Azərbaycan Mərkəzi” İctimai Fondunun, "Novruz” Azərbaycan Etnomədəni Birliyinin və Azərbaycanın Aktaudakı Baş konsulluğunun birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.
Konfrans iştirakçılarını Azərbaycanın Aktaudakı Baş konsulluğunun rəhbəri, v.i.e Elçin Məmmədov və universitetinin rektoru Salamat İdrisov salamlayıblar. Ümummilli liderin qazax xalqına xüsusi məhəbbətlə yanaşdığını, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına verdiyi töhfələri xatırladan natiqlər onun siyasi irsinin öyrənilməsinin aspektlərinə diqqəti cəlb edib, konfransın işinə uğurlar arzulayıblar.
Sonra "Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru İlkin Orucov və "Novruz” Azərbaycan Etnomədəni Birliyinin sədri Eldar Məmmədov məruzə ilə çıxış edərək, xalqımızın böyük öndərinin vətənimiz naminə göstərdiyi misilsiz xidmətləri nəzərə çatdırıblar.
Tədbir çərçivəsində tələbələr arasında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa müsabiqəsi təşkil edilib. Konfransın sonunda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.