Əgər uzun müddətdir istifadə etmədiyiniz, lakin davam etmək istədiyiniz "Google" hesabınız varsa, bu gün yenidən yoxlayın.
TehsilMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət ən azı iki il ərzində aktiv olmayan hesabları silməyə başlayacağını açıqlayıb.
"Google" bunu məxfiliyi artıran bir addım kimi təqdim edir, lakin bu hərəkətin arxasında xərcləri azaltmaq üçün də səylər var. Bu ilin sonundan etibarən hesabı iki il ərzində qeyri-aktiv olan hər kəs 60 gün ərzində hesaba daxil olmazsa, hesabının deaktiv ediləcəyi barədə "e-poçt" məktubu alacaq.
Deaktiv edildikdən sonra, şirkət tərəfindən həmişəlik silinənə qədər daxil olmaq üçün daha 60 gününüz olacaq. Beləliklə, hesabınızı bərpa etməyiniz üçün təxminən dörd aylıq ümumi bildiriş müddəti var ki, bu da kifayət qədər ağlabatan görünür. "Google" ən tez 2023-cü ilin dekabrında hesabları silməyə başlayacağını bildirir.
Şirkət həm silinmək təhlükəsi olan hesaba, həm də əlavə etdiyiniz bərpa "e-poçt"larına xəbərdarlıq "e-poçt"ları göndərəcək. Deaktivasiya və silinmə Gmail, Disk, Sənəd, Youtube, Google Foto, Meet və Təqvim daxil olmaqla, həmin hesabdan istifadə etdiyiniz hər şeyə tətbiq ediləcək.
Bu dəyişikliklər yalnız şəxsi hesablara aiddir, ona görə də iş və ya məktəb e-poçtları silinməyəcək. Şirkətin bəyan etdiyi məxfilik səbəbinin həm də "biz pula qənaət etmək istəyirik” mənasını vermək olar, çünki bütün şirkət büdcələri azaltmağa başlayıb.