AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın "Naxçıvanda Neolit dövrü qəbirləri və dəfn adətləri” adlı məqaləsi Ukraynada yüksək impakt faktorlu jurnalda dərc olunub.
Bu barədə "TehsilMedia.az"a AMEA-dan bildirilib.
Qeyd olunub ki, Oles Honçar Dnepr Dövlət Universiteti, Dnepr Texnologiya Universiteti, "Sosial və Siyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin birgə nəşri olan "Qrani” almanaxı tarix, fəlsəfə, politologiya və sosiologiya elm sahələri üzrə seçilən məqalələrin dərc olunduğu elmi-nəzəri nəşrdir. Jurnal "ERIH PLUS”, "Copernicus”, "CrossRef”, "Google Scholar” da daxil olmaqla, 7 elmi baza üzrə indeksə malikdir.
Məqalədə Cənubi Qafqazda Neolit dövründə mövcud olmuş dəfn xüsusiyyətlərinə diqqət çəkilir, I Kültəpə yaşayış yerinin arxeoloji materialları əsasında məsələ ilə bağlı təhlillər aparılır. Yaşayış yerindən XX əsrin ortalarında və XXI əsrin əvvəllərində aşkar olunmuş qəbirlər və qəbir avadanlıqları ümumiləşdirilərək dövrləşdirilir.
Tədqiqat işində Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda mühafizə olunan bəzi arxeoloji materiallar əsas tədqiqat obyekti kimi öyrənilmiş, onların aşkar edildiyi qəbirlərdən 9-nun Keramikalı Neolitin erkən mərhələsinə, qalanlarının isə orta mərhələyə aid olduğu təsbit olunmuşdur. Zeynəb Quliyeva ekstramural və intramural dəfn adətlərini Hacı Firuz, Çalağantəpə, Çatal höyük və digər yaşayış yerləri ilə müqayisəli təhlil edərək Neolit dövrünün son mərhələsində Cənubi Qafqaz, Şərqi Anadolu və Urmiya hövzəsi üçün ortaq xüsusiyyətlərə malik dəfn adətinin mövcud olduğunu müəyyənləşdirmişdir.