Bu il tələbələrin köçürülməsi prosesi ilə bağlı bir sıra yeniliklər olacaq.
Proses elektron portal vasitəsilə yay tətili dövründə ali təhsil müəssisələrinin özləri tərəfindən daxili razılaşma ilə həyata keçiriləcək.
Əvvəllər köçürülmə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilirdi.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Pərviz Əliyev açıqlamasında bildirib ki, Ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları"na əsasən tənzimlənir.
"Qaydalara əsasən təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin köçürlməsinə yol verilmir", - o qeyd edib.
Pərviz Əliyev tələbələrin köçürülməsinin universitetlər arasında daxili razılaşma əsasında həyat keçirilməsinin məqsədinə aydınlıq gətirib:
“Proses elektron portal vasitəsilə yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən həyata keçiriləcək. Tələbələrin köçürülmə prosesini sadələşdirmək, eləcə də təhsil müəssisələrinin muxtariyyətini genişləndirmək məqsədilə proses təhsil müəssisələri tərəfində aparılacaq”.