AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Rusiyanın Sankt-Peterburq şəhərində "Asiya və Afrika ölkələrinin mənbəşünaslıq və tarixşünaslığı: "Rusiya və Şərq” mövzusunda keçirilmiş XXXII beynəlxalq elmi konfransda iştirak ediblər.
Bu barədə "TehsilMedia.az"a institutdan məıumat verilib.
Azərbaycan, Türkiyə, Rusiya, Özbəkistan, Fransa, İsrail və digər ölkələrin alimlərinin qatıldığı konfransda institutun əməkdaşları – Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, fil.ü.f.d., dosent Əkrəm Bağırov "Təzkireyi-Nəsrabadi” əsəri Azərbaycan şairləri haqqında”, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fəl. ü.f.d., dosent Rübabə Şirinova "Azərbaycan alimlərinin "Əl-Qanun fi-t-tibb” əsərinə dair fikirləri” mövzularında məruzə ediblər. Məruzələr konfrans iştirakçılarının marağına səbəb olub, verilən suallar cavablandırılıb.
Qeyd edək ki, beynəlxalq elmi konfrans Sankt-Peterburq Dövlət Universitetinin 300 illik yubileyinə həsr olunub və Asiya və Afrika ölkələrinin çoxəsrlik tarixinin öyrənilməsi prosesində əldə olunan nəticələrin və bu istiqamətdə aparılan yeni tədqiqat aspektlərinin müəyyənləşdirilməsi məqsədilə keçirilib.