Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi prosesi ildə 1 dəfə yay aylarında həyata keçirilir. Həm azərbaycan, həm də xarici vətəndaşlar köçürülmə edə bilər.
Xaricdə təhsil alan tələbələr Azərbaycana köçürülmə zamanı hansı proseslərdən keçməlidirlər?
AzEdu.az-a istinadən bildiriirik.
Xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün müraciət etməlidirlər:
“Xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra-Qaydalar) uyğun olaraq həyata keçirilir.
Qaydalara əsasən qismən tanınma xarici dövlətin ali təhsil müəssisəsində təhsil alan şəxsin natamam ali təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirə bilməsi üçün həyata keçirilən akademik tanınma növüdür.
Qaydaların 5.9-cu bəndinə əsasən xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün müraciət etməlidirlər. Ərizəçinin kvalifikasiyası qismən tanındıqda, o, Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququnu əldə edir.
Köçürülmə, “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na əsasən həyata keçiriləcəkdir. Bu məqsədlə tələbələrin köçürülməsi üzrə müraciət edəcək ərizəçilərin ilk öncə qismən tanınma üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmələri vacibdir.
Qeyd edirik ki, tələbə təhsil aldğı ali təhsil müəssisəsindən akademik transkript(apostil möhürü əlavə olunmalı) və ya akademik arayış əldə edərək www.tkta.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək qismən tanınma üçün müraciət etməlidir”.