“Direktorların işə qəbulu bir neçə mərhələli, ayrı-ayrı imtahanlarla həyata keçirilməlidir”.
Bu sözləri təhsil eksperti Elşən Qafarov açıqlamasında bildirib.
“Məktəb direktorlarının imtahan yolu ilə işə qəbuluna ilk dəfə ötən əsrin 50-ci illərində ABŞ-dən başlanılıb. Daha sonra 80-ci illərdən başlayaraq Avropada və təhsilin inkişaf etməkdə olan ölkələrində keçirilib. Azərbaycanda məktəb direktorlarının imtahan yolu ilə işə qəbulu prosesinə ilk dəfə 2012-ci ildə cəhd edildi. 2014-2015-ci illərdə müxtəlif təlimlər, kurslar, sertifikatlar, layihələr həyata keçirildi. 2017-ci ildən mərkəzləşmiş qaydada direktorların işə qəbulu prosesinə başlanıldı. Eyni zamanda 2018-ci ildə Bakı şəhəri üzrə direktor müavinlərinin işə qəbuluna start verildi. Sonrakı illərdə bütün ölkə bu prosesə qoşuldu.
Bizdə nəinki direktor və direktor müavinləri, eyni zamanda uşaq birliyi rəhbərləri, psixoloqlar, kitabxanaçılar və digərləri də imtahan yolu ilə işə qəbul olunurlar. İmtahan yolu ilə işə qəbul yaxşı prosesdir. Təbii ki, bir sahə üzrə işləmək istəyən şəxs həmin sahədə müəyyən biliklərə malik olmalıdır. Buraya təhsil və əmək qanunvericiliyi, məntiq, müavinlər üçün əlavə olaraq informatika fənnindən də suallar daxildir.Çox arzulayardım ki, imtahanın gedişatında müəyyən dəyişikliklər olsun. İmtahanlarda qanunvericiliklə yanaşı, namizədlərin idarəetmə bacarıqlarını yoxlama mexanizmi olmalıdır. Tədris üzrə direktor müavinlərinə qanunvericiliklə yanaşı metodiki işin təşkili, tədris işinin təşkili ilə bağlı sualları da əlavə edilməli, eləcə də, təşkilatçı müavinlərə yaxud da tədris işləri üzrə direktor müavinlərinə tərbiyə işləri barədə suallar verilməlidir.
Direktorın işə qəbulunu 60 sualla müəyyən etmək mümkün deyil. Düşünürəm ki, direktorların işə qəbulu bir neçə mərhələli, ayrı-ayrı imtahanlarla keçirilməlidir. Sualların sayı genişləndirilməlidir.
Ən problemli məsələ isə müsahibədir. Müsahibə mərhələsi 2 mərhələli keçirilməlidir. Birinci mərhələ məhz təhsil sahəsində çalışmış mütəxəssislərdən ibarət olmalı onların təhsil sahəsində məlumatlılığı, idarəetmə bacarıqları yoxlanılmalı, ikinci mərhələdə isə agentliyin əməkdaşları tərəfindən yoxlanılma aparılmalıdır”.
Ekspert qeyd edib ki, qanunu əzbərləyib, imtahandan keçib, direktor olmaq olmur:
“Tövsiyə edirəm ki, müəllimlər məktəb işi ilə bağlı mütaliələr etsinlər. Qanunları əzbərləyib, testdən keçib, direktor olmaq olmur. İmtahanın test mərhələsindən keçmək olur, amma bu mərhələni keçənlərin çoxu müsahibədən kəsilirlər. Səbəb odur ki, müsahibə suallarını izah edə bilmirlər, sahə barədə məlumatsızdırlar. Düzdür, ölkəmizdə ümumi təhsilin idarəedilməsi ilə bağlı kitablar, vəsaitlər azdır. Amma bununla yanaşı 10-a yaxın kitab var. Eləcə də təhsillə bağlı saytlarda müəyyən məqalələr var ki, namizədlər onları oxuyaraq məlumatlana bilərlər. Ümumiyyətlə direktor və onun müavini olmaq istəyən şəxsin şəxsi inkişaf planı olmalıdır. Onlar müəyyənləşdirməlidirlər ki, “mən bu sahədə nələri bilmirəm, nələri öyrənməliyəm”. Həmin informasiyaları cədvəl quraraq, müəyyən zamana bölüb mənimsəmək olar. Tövsiyə edirəm ki, təhsil qanunvericiliyi ilə yanaşı ümumi təhsilin idarə edilməsi ilə bağlı kitab və məqalələr oxuyub, yazsınlar, öz məktəblərinin timsalında qeydlərini aparsınlar”.