Ali məktəblərdə qəbul ballarının artması XI siniflərin imtahanlarda yüksək bal toplaması ilə əlaqədardır. Ümumiyyətlə məzun olacaq şəxslərin nəticələrini də 2 il öncəki IX sinif imtahanları ilə müəyyənləşdirmək olur.
Bəs, görəsən, gələn il 11-ci sinifdə oxuyanların imtahan nəticələrinin necə olması proqnozlaşdırılır?
Məsələ ilə bağlə təhsil mütəxəssisi Elçin Əfəndiyev (Əfəndi) açıqlama verib.
Ekspert bildirib ki, imtahanlarda hər hansısa dəyişiklik olmazsa, gələn il nəticələr çox daha yüksək olacaq:
“Növbəti il keçiriləcək buraxılış və qəbul imtahanlarının formatında hər hansısa dəyişiklik olmasa, nəticələrin daha yüksək olması gözlənilir. Ötən il IX sinifdə buraxılış imtahanı verən şəxslərin nəticələri çox yaxşı olub. Həmin abituriyentlərin növbəti il də yüksək nəticə göstərmələrini proqnozlaşdırmaq mümkündür. Təbii ki, buraxılış imtahanına Azərbaycan dili fənni üzrə dəyişiklik tətbiq edilməsə, bunu daha rahat şəkildə söyləyə bilərik.Əlbəttə ki, burada abituriyentlərin prosesə nə qədər hazırlıqlı olub-olmamaları da əsas rol oynayır.
Blok imtahan mərhələsində növbəti il üçün proqnozumuz ondan ibarətdir ki, III ixtisas qrupunda nəticələr builki kimi yüksək olacaq. Ona görə də mövcud plan yerinə əsasən müsabiqədən kənarda qalan abituriyent sayı çoxluq təşkil edə bilər. Tövsiyəmiz ondan ibarətdir ki, III ixtisas qrupu üzrə nəticələri zəif olanlar II ixtisas qrupuna üz tutsunlar. O cümlədən, I ixtisas qrupunda da nəticələrin yüksək olacağını proqnozlaşdırırıq. Növbəti il əsasən də informatika yönümlü istiqamətlərdə müəyyən qədər ballara təsir edəcək amillər ola bilər.
Həmçinin, IV və V ixtisas qrupunda da buraxılış balları yüksək olması gözlənilir. Görünən odur ki, yeganə stabil vəziyyət yalnız II ixtisas qrupunda və I ixtisas qrupunun kimya altqrupunda olacaq. Bu qruplar üzrə abituriyentlər universitetə daha əlçatan qəbul ola bilərlər”.