Günümüzdə aktual problemlərdən biri də gənclərin məcburi şəkildə evlənməyə məruz qoyulmasıdır. Gənclərin məcburi və istəyi ilə valideynlərin evlənməsi ailədə qeyri-sağlam mühitin formalaşmasına gətirib çıxarır. Burada ən çox zərər çəkənlər isə həmin ailələrdə dünyaya gələn uşaqlardır.
Bəs, görəsən, bu amil həmin ailədə dünyaya gələn uşaqların psixologiyasına necə təsir edir?
Mövzu ilə bağlı açıqlama verən psixoloq Nizami Orucov söyləyib ki, bu cür ailədə böyüyən uşaq ya gördüyünü həyatında tətbiq edəcək, ya da öz - özünü yetişdirməyin öhdəliyini üzərinə götürüb bu toksik mühitdən sağlam şəxsiyyət kimi çıxacaq:
“Öz istəklərini, hətta istəmədikləri şeyləri valideynlərinin rızası olsun, onları razı salsınlar deyə görməzdən gələn gənclərin evlilikləri təbii ki, qeyri - sağlamdır. Bu mühitdə dünyaya gələn uşaq böyük ehtimalla deyə bilərik ki, sevgisiz, sevgini düzgün göstərə bilməyən, seçim etmə haqqının aşağı olduğu mühitdə böyüyəcək. Bu birbaşa onun gələcəyinə təsir edir. Beləcə zəncirin başlanğıcı qoyulmuş olur.
Əlbəttə ki, bu asan məsələ deyil. İnsan bir mühitin içində olanda onun təsirinə düşməsi yüksək ehtimaldır. Bu cür qurulan ailələrdə də doğulan uşaqlar üçün vəziyyət çətindir. Belə halların olmaması üçün hazırki nəsil gəncləri fərqindəliyi yüksək, həyatının məsuliyyətini öz üzərinə götürərək ailə qurmalıdırlar. Bu da tam şəxsiyyət kimi inkşaf edib, formalaşmaqda keçir”.