“Gəlin unutmayaq ki, 21-ci əsrin vətənpərvər gəncini, Zəfər tarixini yazan qəhrəmanları Azərbaycan müəllimi yetişdirib. İndi Yeni reallıqlar dövrünü yaşayırıq, Zəfərin qüruru, Böyük Qayıdışın sevinci müəllim üçün yeni məqsədlər yaradır”.
Bu fikri açıqlamasında millət vəkili Mehriban Vəliyeva qeyd edib.
Deputat bildirib ki, müəllim ailədən sonra cəmiyyəti formalaşdıran, tərbiyə edən ən vacib, ən böyük şəxsiyyətdir:
“Bu dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Dəyişən missiya deyil, üsul, forma, məzmun və yanaşmadır. Müəllim nüfuzunun artırılması, rifahının yaxılaşdırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mərhələli islahatların aparılması təhsildə keyfiyyət dəyişikliyinə nail olmanın əsası kimi qəbul olunmalıdır.
Müəllimlərin mərkəzləşmiş qaydada işə qəbulu, diaqnostik qiymətləndirmə və əmək haqqı artımı, nəhayət, 2022-ci ildən başlanan mərhələli sertifikatlaşdırma prosesi bu sahədə peşəkar inkişafa, rifaha hesablanmış islahat kimi qəbul oluna bilər.
Müəllimlərin sertifikatlaşdırma prosesi davamlı peşəkar inkişaf prosesi olmaqla yanaşı, diferensial əmək haqqının tətbiqi, onların rifahının yaxşılaşdırılması, karyera yüksəlişi imkanı deməkdir. 55 minə yaxın müəllim məhz sertifikatlaşdırmanın nəticəsi olaraq diferensial şəkildə əməkhaqlarına artım alır. Bu islahatın müsbət nəticələrini zamanla görəcəyik.
Müəllim nüfuzu həm də şəxsiyyət amili ilə bağlıdır. Cəmiyyətdə ziyalı olaraq qəbul olunan müəllim gənc nəsil üçün nümunə olmalıdır. Şəxsi keyfiyyətləri ilə seçilməlidir”.M.Vəliyeva söyləyib ki, müəllimlərin nüfuzunun qorunması, ona hörmətlə yanaşılması övladlarımızın milli dəyərlər ruhunda tərbiyəsində nümunədir:
“Bu gün bu sahəni ən yüksək balla seçən gənclərimiz, ən ucqar yerləri seçərək çalışan müəllimlərimiz var. Belə müəllimlərin qazandığı sevgi də, nüfuz da sonsuzdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışlarında Zəfərdən sonra Yeni dövrün reallıqlarından irəli gələn ən vacib məsələyə- gənc nəslin tərbiyəsi məsələsinə xüsusilə toxunur. Onların yad ideoloji təsirlərdən qoruyaraq milli dəyərlər üzərində, vətənpərvər vətəndaş kimi yetişdirməyin vacibliyini qeyd edir. Gənclərin tərbiyəsində ailənin və müəllimin rolunu önə çəkir.
BDU-nin 100 illik yubileyində, Prezident seçkilərindən sonra andiçmə mərasimində, Qarabağ Universitetinin açılışında, VII çagırış Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasında gənc nəslin tərbiyəsi, ailə, məktəb və müəllimin rolu xüsusi təhlil olunur. Gəlin unutmayaq ki, 21-ci əsrin vətənpərvər gəncini, Zəfər tarixini yazan qəhrəmanları Azərbaycan müəllimi yetişdirib. İndi Yeni reallıqlar dövrünü yaşayırıq, Zəfərin qüruru, Böyük Qayıdışın sevinci müəllim üçün yeni məqsədlər yaradır.
Şanlı Ordumuzun qələbəsindən sonra növbə Təhsil ordusunundur. Güclü, rəqabətə davamlı, səriştəli, milli dəyərlərə bağlı, vətənpərvər gənclərin yetişdirilməsi məqsədi var Azərbaycan müəlliminin qarşısında. Elə bu da həmin peşəni şərəfli və müqəddəs edir. Bu yolda bütün müəllimlərə can sağlığı,uğur arzulayır, cəmiyyəti müəllimi ilə bərabər addımlamağa çağırıram. Müəllimlərin nüfuzunun qorunması, ona hörmətlə yanaşılması övladlarımızın milli dəyərlər ruhunda tərbiyəsində nümunədir. Gələcək nəslin sağlam ruhda yetişməsi naminə hamı - müəllim də, cəmiyyət də çalışmalıdır”.