Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrası və Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) birgə təşkilatçılığı ilə “COP29 ekoloji, sosial, iqtisadi davamlılığın təminatçısı kimi” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə
BMU-dan bildirilib. Tədbirin moderatoru ARTİ-nin şöbə müdiri Aynur Paşayeva tələbələrə Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsinin səbəbləri, tədbirin ölkəmiz, eləcə də yaşıl gələcək naminə səfərbər olan dünya üçün əhəmiyyətindən danışıb. Gənclərin diqqətini ekoloji böhranlara, iqlim dəyişmələri nəticəsində artan xəstəliklərə, insan ömrünün qısalmasına yönəldən şöbə müdiri təbiətin qorunması üçün maarifləndirici tədbirlərə ciddi ehtiyac olduğunu nəzərə çatdırıb.
Dəyirmi masada “COP29: Azərbaycan üçün yeni ekoloji, sosial perspektivlər və imkanlar” mövzusunda məruzə ilə çıxış edən Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva beynəlxalq ekoloji tədbirin əsas məqsədlərini vurğulayıb. Azərbaycanın qarşıda duran hədəflərindən birinin yaşıl artım, təmiz ətraf mühit ölkəsinə çevrilmək olduğunu qeyd edən kafedra müdiri yaşıl enerji istehsalı və ixracında ölkəmizin imkanlarını, ayrıca olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgəsinin bərpaolunan enerji potensialını xüsusi qeyd edib.
ARTİ-nin baş mütəxəssisi Məhəbbət Paşayeva isə “Yaşıl dünya naminə həmrəylik ili”ndə COP29-un Azərbaycan üçün əhəmiyyəti və iqlim dəyişmələri ilə mübarizənin həlli yolları” mövzusunda çıxış edərək ekoloji böhranların səbəblərinə, ortaya çıxan qlobal təhlükələrə aydınlıq gətirib. Mütəxəssis əlavə edib ki, atmosferi qorumaq, ilk növbədə, ekoloji təfəkkürün, ekoloji mədəniyyətin formalaşması ilə başlayır.Tədbirə qatılan UNEC Kitabxana İnformasiya Mərkəzinin rəhbəri Arzu Məmmədova bu il Azərbaycan Dövlət İqtisad Universitetində start verilən “Yaşıl kitabxana” layihəsindən danışıb, bu çərçivədə dünyanın ən aparıcı, müasir, ekoloji təmiz və dayanıqlı kitabxanaları barədə araşdırmalar aparıldığını, ictimaiyyətə geniş məlumat verildiyini söyləyib.
Diskussiya şəklində keçən müzakirələrdə tələbələr ekoloji məsələlərə dair öz fikirlərini açıqlayıb, yaşıl enerji ilə bağlı startap layihələrinin aktuallığını önə çəkərək bu istiqamətdə araşdırmalara maraq göstərdiklərini bildiriblər.