Son zamanlar ətrafımızda artan psixososial risklər səbəbindən uşaqlar arasında yalnız disleksiya deyil, həm də diqqət hiperaktivlik sindromu (DHS) kimi problemlərin artdığı müşahidə olunur. Bu, yetkinlər arasında şiddət göstərmə, öyrənmə çətinlikləri, inkişaf geriliyi və nitq ləngiməsi hallarında da özünü göstərir.
Mövzu ilə bağlı pediatr Nigar Bayramova AzEdu.az-a verdiyi açıqlamada bildirib ki, bəzən ailələrdə diqqət hiperaktivlik sindromlu uşaqlar ilə disleksiyalı uşaqlar qarışdırılır:
“Autizm spektr pozuntularının (ASP) artımını da nəzərə alsaq, inkişaf geriliyini vaxtından əvvəl aşkar edilməsi üçün valideynlər uşaqlarını tez-tez mütəxəssislərə yoxlatmalıdır”.
N.Bayramova disleksiyanın son dövrlərdə artmasının valideynləri və mütəxəssisləri narahat etdiyini vurğulayıb:
“Disleksiya öyrənmə çətinliyidir. Bu, insanların müəyyən nitq bacarıqlarında, xüsusilə də oxumaqda çətinlik yaşamasına səbəb olur. Belə şübhəli vəziyyətlərdə, valideynlər mütəxəssis rəyi alaraq, düzgün diaqnoz barədə məlumatlı olmalıdırlar”O, disleksiyalı uşaqların davranışlarının yaşıdlarından fərqli olacağını qeyd edərək, ailələrə daha səbirli olmalarını, uşaqlarına qarşı əsəbi və hiddətli davranmamalarını tövsiyə edib:
"Mütəxəssislər diaqnoz qoyduqdan sonra disleksiyanın müalicəsi üçün atılacaq addımları bildirirlər. Müxtəlif strategiyalar mövcuddur; məsələn, dərsi qeydə alıb təkrar dinləmək, kitabı oxumaq əvəzinə dinləmək və yazını inkişaf etdirmək üçün kompüter proqramlarından istifadə etmək. Disleksiyalı uşaqlar çətin olsa da, öyrənə bilirlər. Yəni onlar normal siniflərdə, digər şagirdlərlə birlikdə təhsil ala bilirlər. Lakin bəzilərinin xüsusi təhsilə ehtiyacı olur.
Disleksiyanın müalicəsində xüsusi diqqət edilməli olan məqamlar var. Əgər ailədə disleksiyalı uşaq varsa, onun beyninin daha asan tanıdığı yazı tiplərinin istifadə olunması, nitq terapiyası alması, kəlmələri ən kiçik səslərə ayıraraq öyrənməsi vacibdir”.