AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri professor Roida Rzayeva Şimali Kipr Türk Cümhuriyyətinin Girne şəhərində keçirilən XXII Türk Dünyası Beynəlxalq Sosial Elmlər Konqresində iştirak edib.
İnstitutdan bildirilib ki, azərbaycanlı alim “Müasir ictimai-siyasi reallıq işığında inklüziv inkişaf” adlı məruzə ilə çıxış edib, eyni zamanda konfrans iclaslarından birinə sədrlik edib.
Professor məruzəsində qeyd edib ki, modernləşmə prosesinin siyasi komponenti bilavasitə sosial-iqtisadi inkişafla bağlıdır. Buna uyğun olaraq iqtisadiyyatın fəlsəfəsi də dəyişir. Bu gün cəmiyyətlərin inkişaf modellərinin transformasiyaların sürətləndirilməsində və ümumilikdə sosial-iqtisadi inkişaf planlarında inklüziv inkişaf məsələləri diqqət mərkəzindədir. İnklüziv inkişaf yeni inkişaf vasitələrindən biridir və müasir dövrdə dövlət idarəçiliyinin mexanizmi, cəmiyyətin inkişafına təkan verən innovativ metod kimi qiymətləndirilir.
Alim qeyd edib ki, bu gün sosial-iqtisadi model millətin intellektual resurslarından və potensialından səmərəli istifadə etməkdən asılıdır.