Artıq bir neçə ildir ki, qızların Polis Akademiyasına qəbulu dayandırılıb. Bu qərar, akademiyaya hazırlaşan qız abituriyentlər arasında böyük təəssüf hissi doğurur.
Maraqlıdır ki, akademiyaya qızların qəbulu prosesi niyə dayandırılıb?
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a verdiyi açıqlamada qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarımızın təhlükəsizliyi üçün qadın polislərə ehtiyac duyulması, qəbul prosesini təsir edə bilər:“Polis akademiyasının rəhbərliyindən bildirilib ki, qız abituriyentlərin akademiyaya qəbulunun dayandırılması, hazırda polis orqanlarında qızlar üçün ayrılmış vakant yerlərin dolu olması səbəbindəndir. Buna görə də, qızların qəbulu müvəqqəti dayandırılıb.
Həmçinin, III ixtisas qrupuna oğlanlara nisbətən qızlar daha çox sənəd verir. Əgər, Polis Akademiyasına qızların qəbulu bərpa edilərsə, yenə də qızların üçün ayrılan vakant yerlər dolmuş olacaq. Ancaq bunun üçün müəyyən məhdudiyyətlər qoyula bilər. Məsələn, əgər akademiyada 500 plan yeri ayrılırsa, bunun 20-30 nəfəri qız abituriyentlərə, qalan yerlər isə oğlan abituriyentlərin qəbulu üçün nəzərdə tutula bilər”.
Ekspert vurğulayıb ki, bu ildən etibarən Polis Akademiyasına III ixtisas qrupu ilə yanaşı, I ixtisas qrupunda (informasiya təhlükəsizliyi) qəbul da həyata keçiriləcək:
“Polis Akademiyasına qızların qəbul olub-olmaması hələ ki, məlum deyil. İşğaldan azad olunan torpaqlarımızın təhlükəsizliyi üçün qadın polislərə ehtiyac yarana bilər. Bu nöqteyi-nəzərdən akademiyaya qızların qəbul prosesi bərpa olunması gözləniləndir".
O, qeyd edib ki, bu qərar Daxili İşlər Nazirliyi və Polis Akademiyasının rəhbərliyi tərəfindən yanvar-mart aylarında cəmiyyətə açıqlanacaq:
“Ümidvarıq ki, hər il akademiyaya qız abituriyentlərin qəbulu həyata keçiriləcək”, - deyə ekspert qeyd edib