Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim böhranı ilə mübarizə, o cümlədən qazıntı yanacaqlarından istifadənin azaldılması üzrə qlobal addımların müzakirəsi istiqamətində mühüm addımdır.
Bu fikirləri AZƏRTAC-a Türkiyənin Ətraf Mühit Problemlərinin Tətbiqi və Elmi Araşdırmalar Mərkəzinin direktoru, Ərzurumdakı Atatürk Universitetinin Ətraf Mühit mühəndisliyi kafedrasının müəllimi, professor Zeynep Ceylan deyib.
Onun sözlərinə görə, COP-un ötənilki sessiyasının qərarlarına və iqlim sammitləri arasında BMT-nin səylərinə baxmayaraq, qazıntı yanacaqlarının mərhələli şəkildə dayandırılması hələ də razılaşdırılmayıb.
“Bunun həlli, deyəsən, iqlim sektorunda dövlətlər arasında daha ədalətli və fəal əməkdaşlıq, inkişaf etməkdə olan ölkələrə kifayət qədər maliyyə dəstəyi ayırmaqdır (Zərərin və Zərərin Kompensasiyası Fondu vasitəsilə - red.)” -deyə türkiyəli professor bildirib.
Agentliyin həmsöhbəti xatırladıb ki, 2023-cü ildə BƏƏ-də iqlim müzakirələrində iştirak edənlərin sayı 85 mini keçib və o zaman əsas müzakirə mövzusu fəlakətlər nəticəsində itki və zərərin ödənilməsinə töhfə olub.
“Müxtəlif dövlətlər Zərər və İtki Fonduna 661 milyon dollar töhfə verməyi öhdələrinə götürüblər. Belə bir strukturun yaradılması ekoloji sahədə qlobal həmrəyliyin simvoluna çevrilərək iqlim ədalətinin təmin edilməsi istiqamətində mühüm addım idi”, - deyə Ceylan vurğulayıb.
Eyni zamanda, o qeyd edib ki, yeni fonda töhfələr kontekstində elan edilmiş öhdəliklər təbii fəlakətlərin nəticələrinin qarşısını almaq üçün kifayət deyil, çünki iqlim dəyişikliyindən dəymiş zərərin miqyasını nəzərə alsaq, aydın olur ki, qlobal fond dəfələrlə böyük olmalıdır.
Mərkəzin direktoru daha sonra Türkiyənin yerləşdiyi Aralıq dənizi regionunda ölkələrin üzləşdiyi ciddi ekoloji problemlərə diqqət çəkib. O xatırladıb ki, Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü il dekabrın 1-də COP28-də çıxış edərkən Türkiyənin qlobal istixana qazı emissiyalarında payının 1 faizdən az olmasına baxmayaraq, Ankaranın lazımi tədbirlərə hazır olduğunu və iqlim dəyişikliyi ilə mübarizədə bir sıra mühüm addımlar atdığını bəyan edib.“Türkiyə 2053-cü ilə qədər atmosferə çirkləndirici qazların emissiyasını sıfır səviyyəsinə endirmək, 2030-cu ilə qədər isə istixana emissiyalarını yarıya düşürmək məqsədini açıq şəkildə bəyan edib. Yenə də ölkəmiz bu yaxınlarda bərpaolunan enerji mənbələrinin gücünü 55 faiz artıraraq, bu göstəriciyə görə Avropada beşinci, dünyada isə 12-ci yerdə qərarlaşıb”, - deyə Atatürk Universitetinin müəllimi bildirib.
Ceylanın sözlərinə görə, Türkiyə Avropada liderdir və geotermal enerji istehsalına görə dünyada dördüncü, su elektrik potensialına görə isə qitədə ikinci, dünyada isə doqquzuncu yerdədir. Eyni zamanda, Ankara 2053-cü ilə qədər enerji sektorunda bərpaolunan enerji mənbələrinin payını 69 faizə çatdırmağı hədəfləyir.
Türkiyəli professor Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən və ölkədə tullantıların 60 faizə qədərinin təkrar emalına yönəlmiş “Sıfır Tullantı” layihəsinin artan populyarlığına da diqqət çəkib.
Türkiyəli professor Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən və ölkədə tullantıların 60 faizə qədərinin təkrar emalına yönəlmiş “Sıfır Tullantı” layihəsinin artan populyarlığına da diqqət çəkib.
“Yuxarıda qeyd olunanların işığında və COP29 kontekstində iqlim maliyyəsinə və müasir texnologiyalara daha ədalətli çıxış ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir”, -deyə o vurğulayıb.
Professor 2015-ci il Paris Sazişini istixana qazı emissiyalarının azaldılması və yaşıl transformasiyanın həyata keçirilməsi istiqamətində qlobal cəmiyyətin ən mühüm addımı adlandırıb; planetdəki bütün istixana qazı emissiyalarının 80 faizindən çoxunu təşkil edən 101 ölkə daha sonra əsrin birinci yarısında havanın çirklənməsini ciddi şəkildə azaltmağa söz verib. Bundan əlavə, 2024-cü ilin may ayına olan məlumata görə, 178 ölkə yaşıl iqtisadiyyatın inkişafı istiqamətində ümumi tendensiya yaradan NDCs-ləri (Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr) dərc edib.
İqtisadi sektorlar baxımından vəziyyəti qiymətləndirən Ceylan sözlərinə davam edərək bildirib ki, ən böyük istixana qazı emissiyalarının mənbəyi enerji sektorudur (73 faiz). Ondan sonra kənd təsərrüfatı (18 faiz), sənaye (5 faiz) və tullantıların idarə olunması sektoru (3 faiz) gəlir.
Alim qeyd edib ki, iqlim dəyişikliyinin nəticələri fəlakətlərin həm sayının, həm də gücünün artmasında özünü göstərir. “Planetdə təbii fəlakətlərin sayı durmadan artır. 2023-cü ildə dünyada fəlakətlərin sayı əvvəlki bir illə müqayisədə 45 faiz artıb (1030-dan 1475-ə), bu halların 38 faizi anormal yağıntılar və sel suları ilə bağlı olub. Meşə yanğınlarının və qasırğaların sayı da xeyli artıb. Ona görə də qaçılmaz tendensiya təbii fəlakətlərə davamlı infrastruktura malik betonla yüklənməmiş ekoşəhərlərin tikintisi kimi görünür”, -deyə agentliyin həmsöhbəti deyir.
Professor diqqəti bəşəriyyətin üç ekoloji probleminin: iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyin itirilməsinin qarşılıqlı əlaqəsinə yönəldib. “Əgər bəşəriyyət yaşana bilən, dayanıqlı gələcəklə maraqlanırsa, o zaman bu problemlərin hər biri səbəb-nəticə əlaqələri nəzərə alınmaqla, ekoloji böhran mümkün qədər tez həll edilməlidir”, - deyən alim antropogen fəaliyyətin insan həyatında əsas amil olduğunu vurğulayıb
“Ekoloji fəlakətlərin nəticələri baxımından 2024-cü il bəşəriyyət üçün ən kritik il olacaq. Rekord istilər və digər anomaliyalar milyonlarla insanın həyatına təsir etdi, on minlərlə insan öldü”, -deyə ekspert bildirib.
O, 2023-cü il Dünya İqtisadi Forumu çərçivəsində keçirilən sorğunun nəticələrinə istinad edərək qeyd edib ki, iştirakçıların əksəriyyəti dövlətin inkişaf planları və iqlim dəyişikliyi ilə mübarizə addımları arasında uyğunsuzluq tendensiyasının daha da güclənəcəyinə əmin olduqlarını bildirib.
“Ümid edirəm ki, COP29-un 12 günlük sessiyası yuxarıda göstərilən bütün problemlərə uzunmüddətli həllərin işlənib hazırlanmasına kömək edəcək”, -deyə professor sözlərini yekunlaşdırıb.