Təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eləcə də uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil alması prioritet istiqamətlərdəndir. Bu baxımdan, payız-qış mövsümündə təhsil müəssisələrinin istiliklə təchizatının təmin edilməsi də xüsusi əhəmiyyət kəsb edir.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda deyilib.
Bildirilib ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, hər il istilik mövsümü noyabrın 15-də başlayır və növbəti il aprelin 15-də yekunlaşır. İstilik təminatının plana və qanuvericiliyə uyğun müddətdə həyata keçirilməsi üçün öncədən hazırlıq işləri görülür.
Belə ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində 1674 məktəbəqədər təhsil müəssisəsi, 4209 ümumi təhsil müəssisəsi və 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Yay aylarından etibarən təhsil müəssisələrinin təmir-tikintisi və təchizatı istiqamətində aidiyyəti qurumlarla birgə genişmiqyaslı işlər görülüb.
Bu çərçivədə payız-qış mövsümündə uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları və tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib. Təhsil müəssisələrinin istilik sistemləri və qazanxanalarının sazlığı yoxlanılıb, yarana biləcək problemlərin əvvəlcədən müəyyən edilməsi və aradan qaldırılması istiqamətində yoxlamalar həyata keçirilib.Bununla yanaşı, gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.
Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə(odun, dizel, elektrik radiatoru) istilik mövsümünə hazır vəziyyətə gətirililməsi prosesi təmin olunur.