UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin 90 illik yubileyi keçirilib
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində Maliyyə-İqtisad Kollecinin 90 illik yubileyi qeyd olunub.
Universitetdən bildirilib ki, yubiley tədbirindən öncə iştirakçılar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə güllər düzüblər, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Təntənəli yubiley tədbirində kollec tələbələrinin əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunub və kollecin 90 illiyinə həsr edilmiş konfrans materialları sərgilənib.
Tədbirin açılışında çıxış edən UNEC rektoru prof. Ədalət Muradov kollecin kollektivini əlamətdar gün münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb. Maliyyə-İqtisad Kollecinin Azərbaycanda orta ixtisas təhsili verən ilk kollec olduğunu diqqətə çatdıran prof. Ədalət Muradov Ermənistanın işğalına qədər kollecin Xocalıda filialının fəaliyyət göstərdiyini deyib. UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin prioritetlərindən birinin qısa vaxtda Xocalıda mövcud olmuş filialının fəaliyyətinin bərpası olduğunu vurğulayıb. Rektor Azərbaycanda kollec təhsilinin təkmilləşdirilməsi ilə bağlı təkliflər də səsləndirib.
Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağlyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini professor Əminağa Sadıqov çıxış edərək, kollecin kollektivini təbrik ediblər.
Tədbirdə kollecin Vətən Müharibəsində şəhid olmuş məzunları Murad Qurbanov, Miqdad Abduləlimov, Elşən İbrahimovun rəsmləri onların valideynlərinə təqdim olunub.
Təntənəli yubiley tədbiri tələbələrin ifasında bədii hissə ilə davam edib.