Ölkəmizdə təhsil infrastrukturunun yaxşılaşdırılması sahəsində həyata keçirilən və icrası nəzərdə tutulan tədbirlər Elm və Təhsil Nazirliyi üçün prioritet məsələlərdəndir.
Bunu müsahibəsində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
O bildirib ki, Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı ilə bu sahədə həyata keçirilən proqramlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2024-cü illər ərzində 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir edilib.
"Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu hesabına yeni məktəblərin tikintisi və əsaslı təmiri işləri həyata keçirilib. 57 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb, 21 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb. 9 müəssisədə isə son tamamlanma işləri aparılır, eyni zamanda 27 (22 ümumi təhsil) təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə başa çatması planlaşdırılır.