Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən imtahanlarda buraxılış rejiminin aparılmasında iştirak edəcək yeni cəlb olunmuş qadın əməkdaşlarla nəzəri və praktik təlimlər keçirilir.
Mərkəzdən bildirilib ki, Bakı, Sumqayıt və Abşeron bölgələri üzrə 10 – 15 yanvar 2025-ci il tarixlərində keçirilən təlimlərdə ilk dəfə elektron qaydada qeydiyyatdan keçən və müsahibə mərhələsində uğur qazanan 205 nəfər iştirak edib.
20-25 nəfərlik qruplarla keçirilən təlimlər:
bazaya yeni cəlb olunmuş əməkdaşların fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq;
onlara təhlükəsizlik tədbirləri və buraxılış rejiminin gedişi ilə bağlı prosedur qaydaları izah etmək;
imtahan iştirakçıları ilə münasibətlərin və etik davranış qaydalarının tənzimlənməsində əsas qaydaları onların diqqətinə çatdırmaq;
buraxılış prosesində rast gəlinəcək problemlərin həll yollarını müzakirə etmək;
xüsusi hallarda onların operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaq;
yoxlama prosesini praktiki formada mənimsətmək məqsədilə keçirilir.
Hazırda digər şəhər və rayonlar üzrə təlimlərin keçirilməsi davam etdirilir.
Qeyd edək ki, yeni qeydiyyatdan keçmiş xanımlarla yanaşı, “Buraxılış rejimini aparan əməkdaş” elektron məlumat sistemində olan 2706 nəfər qadın əməkdaşın anket məlumatları dəqiqləşdirilib. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər əməkdaşlar üçün də təlimlər keçiriləcəkdir.