Son illər ölkəmizdə elmin geniş təbliği istiqamətində atılan addımlar bu sahədə fundamental dəyişikliklər və yeniliklərlə müşayiət olunur. Bu, özünü respublikamızın elm və təhsil müəssisələrində elm günləri, müxtəlif festival, müsabiqələrin təşkilində də göstərir. Yaxşı haldır ki, bu tədbirlər artıq ənənə halını almaqdadır. Bu cür tədbirlər elm ictimaiyyəti, görkəmli alimlərimizin iştirakı ilə keçirilir ki, bu da gənc nəsil üçün tükənməz elmi maarifləndirmə mənbəyi rolunu oynayır.
Aprelin 8-də elm və təhsil sahəsində yeni innovasiyaların ünvanı olan Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalının keçirilməsi də bu baxımdan olduqca maraqlı idi və mühüm çağırışlarla yadda qaldı.
Elmə həsr olunmuş tədbirin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, UNEC rektoru Ədalət Muradov, dövlət və özəl qurumların rəhbərləri, eləcə də digər qonaqlar iştirak ediblər.