“Azəristiliktəchizat” ASC dünən bəyan edib ki, ölkə ərazisində hökm sürən soyuq hava şəraitilə əlaqədar qurumun balansında olan qazanxanalar və istilik məntəqələri fəaliyyətini bir neçə gün də davam etdirəcək. Yəni dünən dayandırılmalı olan istilik təminatı hələ kəsilməyəcək.
Lakin bu gün sosial şəbəkələrdə valideynlər Bakıdakı bir sıra məktəblərdə istilik təchizatının dayandırılmasından narazılıq ediblər. Hamı sual edir: Bəs “Azəristiliktəchizat” söz vermişdi axı, istiliyi niyə kəsdilər?
Modern.az bu sualı “Azəristiliktəchizat” ASC-yə yönəldib.
Qurumun Mətbuat xidmətinin rəhbəri Elvin Basqallı saytımıza açıqlamasında bildirib ki, təhsil müəssisələrindəki istilik təchizatının müddətinin uzadılması ilə bağlı həmin müəssisələrə təklif göndərilib:
“Bəzi orta məktəblər bu təklifdən istifadə etmək istəmədikləri üçün “Azəristiliktəchizat” ASC ilə bağlanan müqavilənin müddəti uzadılmayıb və istilik təchizatı müqavilə bitdiyi üçün dayandırılıb”.