Təhsilimizdə yaranan xaos bəlkə də Təkmilləşdirmə İnstitutunun bağlanıb elə ARTPİ-nin ARTİ olması ilə başladı. Təhsil təhsil olmaqdan çıxdı, kursların və müəllimlərin rəqabətinə çevrildi. Sonra da "arxası" güclü olan bu biznesdən daha çox pul qazanmağa başladı. Amma unudulan bir şey var idi. Bu rəqabətin qurbanları ölkəmizin müəllimləri və şagirdləri oldu.
Necə ola bilər ki, Dövlət qurumunun başına bir "Kurs rəhbəri" keçər?! Sonra kurs rəhbərlərini və kurs müəllimlərini yığa başına və ölkə təhsilini əlində oyuncaq edər...
Bəli, bir təhsil ki, kurs rəhbərləri tərəfindən idarə edilir. Bizim düşdüyümüz hal hələ şükrlüdür.
Təhsil İnstitutu ölkə Təhsilinin araşdırılması, təkmilləşdirilməsi, problemlərin aradan qaldırılmasına baxmalıdır. Burda təhsilə can yandıran illərin təcrübəli müəllimləri olmalıdır. İllərlə partalar arasında olub, hər şeyi analiz edə bilən, canıyla-qanıyla təhsildə tər tökmüş və pillə-pillə bu həddə çatan təcrübəli müəllimlər olmalıdır.
Bəs siz uşaqları başınıza yığıb nə oyun oynayırsınız?
İndi hərə bir EKSPERT adı alıb. Bilinmir nəyin ekspertidir, niyə ekspertdir, nə işə yarayır?! Sadəcə çıxılmaz vəziyyətdə qalan müəllim və şagirdləri idarə etməyə, bu siyasətdə daha çox pul qazanmağa çalışırlar .
Əvvəllər məktəblərdə "Bunker" müəllimlər "modda" idi. Eyni fənni, eyni dərsi, eyni proqramı tədris edirdilər, amma adları Bunker idi deyə 5 qat pul alırdılar. Çarəsiz valideyn və uşaqlar da zülmlə o pulu ödəyirdilər.
İndi də ekspert müəllimlər çıxıb. MİQ, Sertifikasiyada bunkerəm, ekspertəm, sualları mən verirəm, qrupdayam, nəzarətçiyəm və s. kimi sözlərlə müəllimləri soyub talan edirlər. Çarəsiz müəllimlər isə bu oyunun yeni qurbanlarıdır. İşlərini itirməmək, şəxsiyyətlərinin alçalmasına göz yummamaq üçün susmalı və dözməlidirlər.
Kim ekspertdi kim yox- inanın heç o da bilinmir. Digər müəllimləri də bu yalanlara və yollara vadar edən elə yenə ARTİ olub. Madam bu bir biznesdir, madam yaşamaq, dolanmaq burdan keçir. Sıravi müəllimlər də bu yolu tutdular. Kimləri vicdanlı, kimiləri vicdansız şəkildə mən də ekspertəm, mənə qoşulun, mən hazırlayım-deyə kompaniyalara başladılar. Amma burda uduzan, sinir sistemi pozulan, həyatı məhv olan, xəstəlik tapan müəllimlər oldu. Çünki örnək götürdükləri də elə yuxarılar - ETN, ARTİ oldu.
Axı niyə bir Təhsil İnstitutunun rəhbəri Kurs müəllimi olmalıdı. Niyə bütün ekspertlər kurs müəllimi olmalıdı?! Təbii ki, hamı müəllimləri öz kursuna yönəldəcək, saxta altdan-altdan yeridilən siyasətlə hər kəs pul qazanacaq. Təhsil bütün kurs şəbəkələşməsi üzrə idarə edəcəkdir. Bunu təxmin etmək heç çətin deyil.
Bu gün Emin Əmrullayev çıxıb deyir ki, kursları (repetitorluğu) ləğv edəcəyik. Bu birdən-birə olmur. Hissə-hissə olacaq. Əgər həqiqətən təhsil məktəbdən ibarət olacaqsa, nə xoş. Amma xüsusi anlaşdığınız kurslara yönəldəcəksinizə, heyflər olsun! Kurslardan başqa fərdi repetitorların da pul qazanmağı onları narahat edir, yoxsa insanların artıq ayılmağı?! Yoxsa həqiqətən bu iş sistemdən çıxıb qarşısıalınmaz böyük bir problemə çevrilib...
Biz bu gün ədalətli, obyektiv işdən danışırıqsa, birinci kurs rəhbərləri və kurs müəllimləri təhsildən uzaqlaşdırılmalıdır. Yalandan kursu başqasının adına keçirmək, uzaqdan idarə etmək və s. lə iş olmur.
Emin Əmrullayevin kurs siyasəti artıq elə bir hal alıb ki, univeristetlər belə özləri ya kurs açır, ya da xüsusi kurslarla pul qarşılığında razılaşırlar və bütün tələbələri hədə-qorxu ilə ora yönəldirlər. Təbii ki, bu özbaşına olmur. Elə bu da Nazirliyin əli ilə olur. Görün nə həddə çatıb ki, kimin kimə gücü çatsa, hədə-qorxu gəlir. Bu elə Nazirliyin öz siyasətidir ki, bu gün bütün təhsil qurumları bundan istifadə edir. ARTİ-nin keçdiyi bütün təlimlər yolavermədir. Amma heç kim şikayət edə bilməz. Çünki hədə-qorxu gəlirlər. MÜTDA, TKTA görüşlər keçirir, amma heç kim şikayət edə bilməz. Çünki hədə-qorxu gəlirlər. Bax belədir.
Emin Əmrullayev siyasəti öz bəhrəsini verdi. Kurs rəhbərlərini başa, kurs işçilərini ekspertliyə götürərək bütün təhsili kursların əlində oyuncaq etdi.
Bir-bir kimin hansı kursu var deyə qeyd etməyə, bəlkə də, ehtiyac yoxdur. Çünki başda Elnur Əliyev (Kaspi kursu) olmaqla hamısı kurs işçiləri, rəhbərləri və müəllimləridir. MHM, Kaspi, Dolayı yolla TAİM və s. Sözsüz ki, Elnur Əliyev Kaspi rəhbəri olaraq ön plandadır. Onlar da öz təcrübələrinə arxalanıb təhsili kurs savaşına çevirdilər.
İndi kurs müəllimləri ARTİ-də at oynadır. Bəh-bəhlə təcrübədən, yenilikdən dəm vurur. Etdiyi işlər isə göz önündədir.
İndi də bir metodist axını gedir. Hansı ki, ne metodika oxuyublar, nə pedaqogika, nə psixologiya, nə dissertasiya yazıblar, nə ortaya bir iş qoyublar. Amma inkubator cücə buraxan kimi MDPİM metodist buraxır. Niyə? Hansı haqla? Hansı düşüncə ilə? Biri demir ki, 18 ildir oynadınız bəs deyil? Qapı-qapı düşüb gəzdiniz, çağırdınız, indi hərdən bir onlayn görüşürsünüz, savadsız metodist sürüsü buraxırsınız. İndi də onların əli ilə atamanlıq edəcəksiniz. Onlar da öz növbəsində biz Nazirliyin işçisiyik deyib at oynadacaqlar. Bax belə-belə iyrənc siyasətiniz davam edəcək.
Təmiz, elmə can verən işçilər götürmədikcə, kurslarla, kurs işçiləri ilə əlaqəni kəsmədikcə, problem daha da içindən çıxılmaz hal alacaq. Bu çox uğursuz addımlar və seçimlər idi.
Regionallar, agentliklər, qurumlar və ARTİ - bütün təhsili ayaq altına atdı.
İndi də kurs, dərs sözünü layihə əvəz edib. Yerindən duran bir layihə yaradır və budur, yeni bir kurs. Artıq layihələrə mən "Səyyar kurslar" deyəcəm. Ayaqlı kurslarımız kəşf edildi. Artıq kurs adına falan ehtiyav yoxdur. Yenilik, təkmilləşmə adı ilə bir layihə kopyalayırsınız, guya xalqımız üçün önəmli nəsə etmisiniz kimi təbriklər, alqışlar edilir və budur yeni bir kurs... Belə daha nə qədər, daha kimləri aldadacağıq???
Gündə bir layihə, gündə bir tədbir, yarış, müsabiqə...
Təhsilə ayrılan pul ARTİ üzərindən pulsilmə əməliyyatına həsr olunur. Sonrasını heç kim düşünmür. Məhv olmuş bir təhsil, məhv olmuş cəmiyyət. Bəli, artıq biz müəllim və şagirdlərə "ÖLÜ CANLAR" deyə bilərik.
Emin Əmrullayevin kassası ARTİ
Hörmətlə, Sakit Muradov