Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə qəbul imtahanlarında, ingilis dili fənni üzrə isə buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının növbəti məşğələləri keçirilib.
DİM-dən "TehsilMedia.az"a bildirilib ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
İngilis dili fənni üzrə hazırlıq kursunda DİM-in şöbə müdiri Aydın Qasımov "Azərbaycan Respublikasında buraxılış və qəbul imtahanlarında yazı işlərinin qiymətləndirilməsi texnologiyası” mövzusunda təqdimatla çıxış edib. Təqdimat kurs iştirakçıları tərəfindən maraqla qarşılanıb. Onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş iştirakçılar cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması (kalibrləmə) prosesindən keçiblər. Regionlardan olan iştirakçılar DİM-in müvafiq Regional bölmələrində kalibrləmə prosesindən keçəcəklər.
Kalibrləmə prosesindən keçmiş müdavimlərə DİM-in sertifikatı təqdim ediləcək. Onların şəxsi məlumatları Mərkəzin elektron "Məlumat bazası”na daxil ediləcək və onlar cavabı yazı ilə ifadə olunan tapşırıqların yoxlanılmasına (marker kimi) cəlb olunacaqlar.