AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, gənc alim Şəbnəm Həsənli-Qəribova filologiya elmləri doktoru elmi dərəcəsini alıb.
Bu barədə "
TehsilMedia.az"a institutdan bildirilib.
Filologiya elmləri doktoru Şəbnəm Rasim qızı Həsənli-Qəribova 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olub. Birinci kurs tələbəsi ikən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Bakı dilçilik məktəbinin keçirdiyi “Gənc dilçilərin müsabiqəsi”ndə “Türk dünyasının ilk ensiklopediyası” adlı məruzə ilə çıxış edərək birinci dərəcəli Fəxri diploma layiq görülüb. 2008-ci ildə Türk dili və ədəbiyyatı ixtisasının bakalavr pilləsini Mirzə Kazımbəy adına təqaüdlə bitirib. 2008-2010-cu illərdə BDU Şərqşünaslıq fakültəsində Türk dili ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə diplomu ilə bitirib. Magistr dövründə Bakı Dövlət Universitetində 90 illiyinə həsr olunmuş “50+50” qrant layihəsinin qalibi olub və 2 il müddətinə bu layihəni həyata keçirib. 2009-cu ildə “M.Kaşğarinin “Divanü luğat-it-türk” əsərində feilin zamanları” mövzusunda məruzəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin qalibi olub.
2009-cu ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi fəaliyyətə başlayıb, laborant, baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb.
2010-2012-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub.
2011-2014-cü illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə doktoru pilləsi üzrə doktoranturada təhsili alıb, “XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası” mövzusunda müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2017-ci ildə gənc alim kimi uğurlu fəaliyyətinə görə Azərbaycan Gənc alimlərinin I Qurultayına nümayəndə olaraq seçilib. 2018-ci ildə AAK-ın qərarı ilə Türk dilləri ixtisası üzrə dosentlik elmi adına layiq görülüb. 2019-cu ildə AMEA Rəyasət Heyətində keçirilən “Gənc qadınlar elmdə” müsabiqəsində göstərdiyi elmi fəaliyyətə görə ikinci yerə layiq görülüb və Fəxri diplom ilə təltif olunub. 2019-2021-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Dilçilik araşdırmaları” elmi jurnalının məsul redaktoru olub.
2017-ci ildən Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin elmlər doktorluğu üzrə dissertantı olub. 2022-ci ildə “XIII-XVI əsrlər Türk dillərində elmi üslubu” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 2023-cü ildə Türk dilləri ixtisası üzrə filologiya elmlər doktoru elmi dərəcəsi alıb.
Dilçiliyin müxtəlif sahələrinə, xüsusilə, türkologiya, türk dillərinin tarixi-müqayisəli tədqiqi, leksikologiya, dil tarixi, dil nəzəriyyəsi və dil əlaqələri ilə bağlı tədqiqatlar aparır. “XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası”, “Oğuz qrupu türk dillərində isimlərdə söz yaradıcılığı”, “Azərbaycan xalq cümhuriyyəti və milli ədəbi dilin inkişafı tarixi”, “Türk dillərinin elmi üslubun tarixi qaynaqları”, “Orta əsrlər türk dillərində elmi üslubun inkişafı”, “Türk dillərində elmi üslubun leksik-qrammatik xüsusiyyətləri” monoqrafiyalarının, “XI-XII əsrlər türk etnoqrafizmlərinin izahlı lüğəti”, “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti”, “İzahlı yeni terminlər lüğəti” II cild, “İzahlı dilçilik terminləri lüğəti”, “Azərbaycanca-türkcə izahlı dilçilik terminləri lüğəti”nin, “Ulduzlar sönmür, şəhidlər ölmür”, “Ömrün zirvəsində”, “Elmin zirvələrində” kitablarının və 140-a yaxın məqalənin müəllifidir. Tədqiqatlarında XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası, orta əsrlərdə elmi üslubun formalaşması, türk dillərində söz yaradıcılığı prosesi, müasir türk dillərinin leksik-qrammatik xüsusiyyətləri araşdırılıb. O, Türkiyə, Qazaxıstan, İtaliya, Almaniya, Rumıniya, Əfqanıstan, Polşa və s. ölkələrdə beynəlxalq konfranslarda iştirak edib.