Bu gün böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin doğum günüdür. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) ədibin həyat və yaradıcılığını əks etdirən kitablardan ibarət sərgi təşkil olunub.
Bu barədə "TehsilMedia.az”a MEK-dən məlumat verilib. Bildirilib ki, sərgidə M.Ə.Sabirin satirik şeirləri, ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, qəzəlləri, məktəb uşaqları üçün qələmə alınmış şərqi, mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və felyetonları, ədəbi-publisist məqalələri, müxbir yazıları və məktublarının toplandığı kitablar (“Seçilmiş əsərləri”, “Hophopnamə” və s.) nümayiş olunur. Həmçinin sərgidə qüdrətli şair və mütəfəkkirin həyatı, bədii-estetik idealı, sənət görüşlərinə dair Əkrəm Cəfərin “Mirzə Ələkbər Sabir şeirinin qafiyə lüğəti”, Akif Əlinin “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı”, Mirzə İbrahimovun “Böyük şairimiz Sabir”, Alxan Bayramoğlunun “Mirzə Ələkbər Sabir” kimi tədqiqat işləri yer alıb.
Sərgi 2 həftə davam edəcək.