Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları üçün “Effektiv strateji planlaşdırma və proqram qiymətləndirilməsi” və “Effektiv kurrikulumun/sillabusun yaradılması” adlı təlimlər keçirilib.Bu barədə "
TehsilMedia.az"a ATU-dan məlumat verilib.
Strateji planlaşdırma və proqram qiymətləndirilməsi üzrə təlimdə kafedra müdirləri, struktur bölmə rəhbərləri və əməkdaşlar iştirak edib. Kurrikulumun/sillabusun yaradılması üzrə təlim isə müvafiq olaraq tədris prosesində iştirak edən heyət üçün təşkil olunub.
Mayın 31-də Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli təlimləri keçirmiş Tiffany Tillmanı qəbul edib. Universitet əməkdaşlarının fəaliyyət keyfiyyətinin yüksəldilməsi məqsədini daşıyan təlimlərə görə T.Tillmana təşəkkürünü çatdıran rektor G.Gəraybəyli, tanınmış mütəxəssisə sertifikat təqdim edib. Öz növbəsində T.Tillman təlimlərə cəlb olunmuş əməkdaşlarımıza müvafiq sertifikatlar verib.
Qeyd edək ki, təlimlər Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin xarici ekspert komissiyasının rəsmi hesabatının tövsiyəsinə uyğun olaraq, T.Tillman tərəfindən keçirilib. 10 ildən artıqdır bu sektorda fəaliyyət göstərən tanınmış mütəxəssisin proqram qiymətləndirilməsi, akkreditasiya işi və tədris planının yaradılmasında böyük təcrübəsi var. O, ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilən English Language Fellow proqramı üzrə fəaliyyət göstərir.