“Bu gün dövlət dilinin əhəmiyyətini önə çəkmək üçün pilot layihə kimi bəzi məktəblərdə rus bölmələrinin 5-ci sinfində Azərbaycan tarixi fənninin azərbaycanca tədrisinə başlanılıb. Təkliflər var ki, ədəbiyyat və coğrafiya fənlərini də rus bölməsində azərbaycanca tədris etsinlər".
TehsilMedia.az xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov deyib.
O bildirib ki, bunlar birmənalı qarşılanmır:
"Tədrisdə yenilik şərtdir, zamanımız bunu tələb edir, amma təhsillə bağlı məsələlərdə yüz ölçüb, bir biçmək, geniş müzakirələr aparmaq, mütəxəssislərin fikirlərini dinləmək lazımdır. Təhsili eksperiment meydanına çevirmək olmaz. Təhsil sistemi oturuşmalıdır. Bu qədər islahat həyata keçirilir. Amma bu islahatların ləng getməsi, nəticə almaq üçün uzun müddət gözləməyimizin səbəbi də bu təcrübələrdir. Ard-arda yersiz dəyişikliklər edilir tədrisdə, proqramda. Bunlar təhsilin inkişafını gecikdirir, islahatları nəticəsiz qoyur”.