Görkəmli alim, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev 11 iyun 2023-cü il tarixində dünyasını dəyişib.
Bu barədə "
TehsilMedia.az"a AMEA-dan bildirilib.
Dünyamalı Əmir oğlu Vəliyev 1942-ci ildə Borçalı mahalının Qasımlı kəndində anadan olub. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) İqtisad fakültəsinin Maliyyə və kredit şöbəsində ali təhsil alıb. Uzun illər Azərbaycan Respublikasının bank sektorunda, ali müəssisələrində çalışıb. 1971-ci ildə Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutunda "Müasir Türkiyənin dövlət borcları" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1979-cu ildə Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutunda çalışmağa başlayıb. Burada baş elmi işçi, şöbə müdiri və institutun elmi işlər üzrə direktor müavini kimi səmərəli fəaliyyət göstərib. 2010-cu ildə AMEA-nın İqtisadiyyat İnstitutunda "Azərbaycanın qlobal maliyyə-iqtisadi mühitə inteqrasiyasının aktual problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad üzrə elmlər doktoru dərəcəsinə yiyələnib.
Dünyamalı Vəliyevin iqtisadiyyat elminin inkişafında xüsusi xidmətləri olub. 12 kitabın, o cümlədən "Türkiyənin dövlət maliyyəsi və sosial-iqtisadi inkişafı", "Qloballaşma şəraitində Azərbaycanın beynəlxalq bazarlara inteqrasiyası: təmayüllər, problemlər, perspektivlər", "Türkiyə. Turqut Ozal və iqtisadi möcüzələr", "Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası", “Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” və digər kitab və dərsliklərin, 60-dan çox elmi məqalənin müəllifi idi. Bakı, Moskva, Kiyev, Tbilisi, Ankara, İstanbul, Bursa, Trabzon, Tehran, Tokio, Heidelberq şəhərlərində keçirilmiş konfrans, simpozium və seminarlarda Azərbaycan elmini layiqincə təmsil edib.