Təhsil eksperti İlham Əhmədov elm və təhsil naziri Emin Əmrullayevin "mən hesab edirəm ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır. Bunun başqa yolu yoxdur" fikirlərinə münasibət bildirib.
TehsilMedia.az xəbər verir k, o, mövzu ilə bağlı "Tehsil.biz"ə danışaraq nazirin ciddi səhvə yol verdiyini deyib.
"Hiss olunur ki, ölkənin elmi mühitindən, alimlərin həyat şəraitindən, onların sosial vəziyyətindən xəbərsizdir, ya da olan-qalan elmi də bu yolla məhv etmək istəyir", - deyə bildirən İlham Əhmədov deyib ki, ölkədə plagiatdan gen-bol faydalanan elə Elm və Təhsil Nazirliyidir:
"Nazir bilməlidir ki, son 30 ildə nazirliyin hazırladığı bir çox strategiyalar, qanunlar, təlimatlar, əsasnamələr, kurikulumlar, fənn proqramları, standartlar, tədris planları, dərsliklər, innovasiyalar və s. məhz plagiat olub. Əksəriyyəti də rus dilindən keyfiyyətsiz tərcümə. Nazir bunları niyə bilmir? Bilirsə və alimləri plagiatda günahlandırırsa, onda şüşə evdə oturub, başqalarının daş evinə niyə daş artır? Hətta nazirliyə ekspertlərin təqdim etdiyi maraqlı təhsil layihələri də məmurlar ustalıqla, “özününküləşdirir” və dövriyyəyə buraxırlar. Şəxsən şahidi olmuşam. Məncə nazir bunları bilmir. Çünki təhsilin belə incəliklərini öyrənməyə gənc nazirin hələ vaxtı olmayıb".
Ekspert başqa ölkələrin təhsil sahəsində illər ərzində hazırladığı və buna milyonlarla dollar sərf etdiyi elmi-metodik, tədris metodik materialları, təhsil fəaliyyətinin hüquqi təminat məsələlərini, bizim təhsil sistemi 1 manat belə xərcləmədən plagiatla nail olduğunu bildirib:
"Çox vaxt heç bu sənədlərin mahiyyətini dərk etmədən, yarı-yarımçıq kopiyalayıb, teztələsik tərcümə edib, dövriyyəyə buraxıblar. Məsələn, 25 il əvvəl, Rusiya Federasiyasının əyalət universiteti 1 ixtisas üzrə magistratura pilləsinə keçid üçün, onun tədris metodik təminatını hazırlamaq üçün 1 tədris ilində 1,5 milyon dollar xərcləyib. Biz də o vaxtlar magistratura pilləsinə keçid etdik 100-dən artıq ixtisas üzrə. Bu iş 3-4 ay ərzində “həll edildi”. Təbii ki, tədris metodik təminata 1 manat belə xərcləmədən. İstifadə edilən bütün bu tədris metodik təminat təbii ki, tam plagiat idi. Nazir bir müddət əvvəl plagiatlığı elmdə əxlaqsızlıq adlandırırdı. Bəs nazirliyin plagiator olmasına nə ad verək? "Elmi fəaliyyəti qadağan etmək”. Bu nəsə yeni ideyadır. Mən heç vaxt belə qadağa növü haqqında eşitməmişəm. Necə yəni elmi fəaliyyəti qadağan edək? Guya elmi fəaliyyət lisenziya ilə, sertifikasiya ilə tənzimlənir. Kimin savadı, səviyyəsi və həvəsi varsa, elmlə məşğul olacaq, işini də heç burada da yox, xaricdə dərc etdirəcəkdir. Alınan nəticə hər şeyi həll edir. Buna nə qadağa ola bilər?"