Abşeron-Xızı Regional Təhsil İdarəsi təhsil işçilərinin sentyabr konfransı keçirilib.
TehsilMedia.az xəbər verir ki, tədbirdən öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Konfrans Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin və vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli ölkəmizdə həyata keçirilın təhsil siyasəti, ölkə təhsilinin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsi məsələsinə toxunub. Nazirlik rəsmisi həmçinin müəllimlərin sertifikasiyasından, eləcə də dövlət tərəfindən işğaldan azad olunan ərazilərdə tikilən məktəblərin gələcək fəaliyyətindən də bəhs edib.
Daha sonra konfransda çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov müasir Azərbaycan təhsilinin qurulmasında və inkişaf etdirilməsində Ümummili Lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Bu gün təhsil sahəsində əldə edilən uğurların Prezident İlham Əliyevin bu sektora diqqət və qayğısının təzahürü kimi xarakterizə edib.
2022-2023-cü tədris ilinin yekunlarına və yeni dərs ilində qarşıda duran vəzifələrə dair hesabatla çıxışı edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva görülən işlər və əldə edilən nailiyyətlər, eləcə də qarşıda duran vəzifələr barədə məlumat verib. O, qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Sərəncamı təhsilverənlərin stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin 1 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Konfransda çıxış edən Abşeron rayon Masazır kənd 5 nömrəli tam orta məktəbin kimya müəllimi, şəhid Baş Leytenant İntizar Rəhimovun övladı Aygün Rəhimova və digər qonaqlar təhsil sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar.
Konfransda həmçinin bir sıra məktəblərin, bağçaların müəllimləri və tərbiyəçi müəllimləri ötən tədris ilində əldə etdiyi nailiyyətlərə görə mükafatlandırılıb.
Konfransız rəsmi hissəsi yekunlaşdıqdan sonra tədbir Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifaları ilə davam edib.
Müşviq Tofiqoğlu
Anar Məmmədov
Ülkər Abdurahmanlı TehsilMedia.az