“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli qərarı ilə elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə görə ödənilən əlavələrin məbləği müəyyən edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasında, habelə digər dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat);
Dövlət büdcəsindən maliyyələşdirilən digər müəssisə və təşkilatlarda (icra hakimiyyəti orqanlarından başqa) bilavasitə ixtisası üzrə çalışan şəxslərə:
Elmlər doktoru elmi dərəcəsinə görə - 80 manat;
Fəlsəfə doktoru elmi dərəcəsinə görə - 40 manat.
TehsilMedia.az xəbər verir ki, təhsil eksperti Vüsal Kərimli elmi dərəcələrə görə aylıq ödəmələrin 2016-cı ildən etibarən eyni rəqəmi təşkil etməsi ilə bağlı narazılığını bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən elmə maraq yoxdur:
“Niyə elmə maraq olsun ki? Ölkəmizdə sonuncu dəfə elmi dərəcəyə görək aylıq ödəmə 14 iyun 2017-ci il № 259 saylı qərarla artırılıb.
“2017-ci ildən bu günə nə qədər infilyasiya olub, qiymətlərin nə qədər bahalaşması, xidmət sektorunda və dövlət ödənişlərinin (xidmət, cərimə və s.) qiymətlər nə qədər qalxması ilə bağlı iqtisadçılar rəqəmləri açıqlaya bilər. İndi kim elmi dərəcə almaqda maraqlı olar?”.
Ekspert, elm və təhsil naziri Emin Amrullayevə müraciət edərək deyir ki, bu məsələni qaldırmaq, ali təhsildə çalışan müəllimlərin rifah halına dəstək olmaq lazımdır.