Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının və süni intellektin inkişafı və insan-maşın qarşılıqlı əlaqəsi nəticəsində istifadəçi interfeysi təkamülə uğrayıb, cihazlardan istifadə daha əlverişli hala gəlib və bu tendensiya jestlərin tanınma sisteminə də nüfuz edib.
TehsilMedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Qurbanova institutun həmtəşkilatçılığı ilə Rusiyanın Kursk şəhərində hibrid formatda keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” XVII beynəlxalq elmi-texniki konfransında çıxışı zamanı bildirib.
Konfransda “Əl jestlərinin tanınması üçün hibrid alqoritmlərin iş prinsipi” mövzusunda məruzəni təqdim edən K.Qurbanova bildirib ki, kompüter görmə texnologiyasındakı müasir irəliləyişlər jestlərin izlənməsinə və tanınmasına xidmət edə biləcək ucuz, rahat və əlçatan cihazların meydana çıxmasına səbəb olub. Jestlərin tanıma problemini həll etmək üçün müxtəlif yanaşmaların mövcud olduğunu deyən məruzəçi tədqiqat işində təsvirdən əl jestlərinin tanınması problemlərinin araşdırıldığını qeyd edib.
Jestlərin avtomatik tanınması prosesinin mərhələləri və videokadrda jesti göstərən əlin şəklini lokallaşdırmağa imkan verən alqoritmlərin iş prinsipini təqdim edən K.Qurbanova bildirib ki, alqoritmlər tanınma prosesində problemlər yaradan amillərə qarşı müxtəlif müqavimət səviyyəsinə malikdir.
Məruzəçi hibrid metodlardan istifadə etməklə tanınma texnologiyalarının tətbiqinin yüksək nəticələr əldə etməyə imkan verdiyini söyləyib.