2023-cü ildən etibarən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri imtahanlarının test üsulu ilə kağız daşıyıcılar vasitəsilə keçirilməsi nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzindən "TehsilMedia.az"a bildirilib ki, imtahanlarda abituriyentlərə musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilmiş hər bir fənnə aid 25 qapalı tipli test tapşırığı və dinləmə qurğusu vasitəsilə təqdim edilən musiqi parçalarının (akkord, interval, imla və s.) təyin edilməsi üzrə 5 qapalı tipli test tapşırığı təqdim ediləcək.
Abituriyentlərdə imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyəsinin qiymətləndirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi real imtahan mühitinə uyğun sınaq imtahanları təşkil edir. Sınaq imtahanları zamanı sual kitabçaları, cavab kartları, cavab vərəqləri, imtahan müddəti və digər amillər qəbul imtahanlarındakı modelə uyğunlaşdırılır və demək olar ki, abituriyent özünü real imtahanda olduğu kimi hiss edir. Bununla da abituriyentin öz biliklərini tam nümayiş etdirməsi üçün şərait yaradılır. Bu məqsədlə harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə mayın 27-də sınaq imtahanının keçirilməsi nəzərdə tutulur.
İmtahan üçün qeydiyyat mayın 15-dək davam edəcək. İmtahanda iştirak etmək istəyən abituriyentlər "Şəxsi kabinet”dəki hesablarına 20 manat yükləməlidirlər.
İmtahan müddəti musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 1 saat, harmoniya və solfecio fənni üzrə 1 saat 30 dəqiqə, hər iki fənn üzrə qeydiyyatdan keçənlərdə isə 2 saat 30 dəqiqədir.
Harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənlərinin aid olduğu qabiliyyət imtahanı komissiyaları DİM-in saytında müvafiq cədvəldə təqdim edilib.
Qeyd edək ki, nəzəriyyə imtahanlarının qiymətləndirməsi 10 ballıq şkala üzrə aparılır. Nəzəriyyə fənlərindən minimal müsabiqə balını yığa bilməyən abituriyentlər ixtisas imtahanlarına buraxılmırlar.
Qabiliyyət komissiyaları üzrə nəzəriyyə imtahanlarının minimal müsabiqə balları haqqında məlumat yaxın vaxtlarda çap ediləcək "Abituriyent” jurnalının "Xüsusi qabiliyyət imtahanları” buraxılışının 1-ci nömrəsində veriləcək.
TƏHSİL MEDİA