Noyabrın 29-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir.
TehsilMedia.az xəbər verir ki, AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Dərya Örs, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, ali təhsil müəssisələrinin rektorları və KİV əməkdaşları iştirak edirlər.
İclası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra cari il ərzində vəfat etmiş görkəmli alimlər - akademik Xoşbəxt Yusifzadə və AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümumi yığıncaqda akademik İsa Həbibbəylinin “AMEA-da yeniləşmə prosesləri: struktur islahatlarından elmi-tədqiqatların yenidən təşkilinə, elektron hərəkata və beynəlxalq elmi qurumlarda təmsil olunmağadək” mövzusunda giriş məruzəsi dinlənilib.