Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Kürdəmir rayonunun ərazisində yerləşən Karrar təcrübə dayaq məntəqəsinin inzibati binasında Eksperimental botanika şöbəsinin Biokimyəvi laboratoriyası qurulub.
TehsilMedia.az xəbər verir ki, bu barədə "Tehsil.biz"ə Botanika İnstitutundan məlumat verilib.
Bildirilib ki, institutun baş direktoru professor Səyyarə İbadullayevanın rəhbərliyi və Eksperimental botanika şöbəsinin müdiri dosent Ələddin Qədimovun təşkilatçılığı ilə yaradılan laboratoriya Karrar təcrübə dayaq məntəqəsində aparılan elmi tədqiqat işlərinin səmərəliliyinin artırılmasna, aqrokimyəvi, biokimyəvi və fizioloji analizlərin aparılmasına xidmət edəcək.
Biokimyəvi laboratoriya sorucu şkaf, torpaq, bitki, göbələk, bakteriya materiallarının və reaktivlərin saxlanılması üçün soyuducular, vakuum termostatı, su hamamı; qarışdırıcı, mikroqarışdırıcı, elektrik maqnitli qarışdırıcı, analitik və elektron tərəzilər, pH-metr, sentrifuqa, quruducu şkaf, fizioloji və biokimyəvi analizləri aparmaq üçün müxtəlif təyinatlı laboratoriya qabları və densimetrlər, laborator təyinatlı stollar və stullarla təchiz olunub.
Laboratoriyada torpağın turşuluq-qələvilik (pH) göstəriciləri, elektrik keçiriciliyi, bitkilərin morfoloji parametrlərinin təyinatı və digər analizlər üçün tam şərait yaradılıb.