Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğu üçün Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir.
TehsilMedia.az xəbər verir ki, növbəti təlimlər 4 - 9 dekabr 2023-cü il tarixlərində Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Fizuli rayonlarında təşkil olunur.
Təlimlər 4-5 dekabr tarixlərində Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” mövzularında, Bərdə Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında, həmçinin Ağcabədi rayonu Dövlət Bayraq Muzeyində “Münaqişələrin idarəedilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında təşkil olunub. Təlimlərdə dövlət qulluqçuları və icra hakimiyyəti nümayəndələri iştirak ediblər.
Təlimlər zamanı iştirakçılara mövzular çərçivəsində məlumat verilib, müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimlər təqvim üzrə ilin sonunadək davam edəcək.