Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzi tərəfindən IELS - Beynəlxalq Erkən Öyrənmə Tədqiqatı ilə bağlı məlumatlandırma seminarı təşkil olunub.
ADPU-dan
"TehsilMedia.az" a bildirilib ki, seminarda Bakı və Sumqayıt şəhərlərindən tədqiqata cəlb olunan məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri iştirak ediblər. 100-ə yaxın tərbiyəçinin iştirak etdiyi seminar iki sessiyada fərqli qruplarla təşkil olunub.
Görüşdə məktəbəqədər təhsilin, erkən öyrənmənin uşaqların inkişafındakı rolu, Azərbaycanın əvvəlki illərdə iştirak etdiyi tədqiqatların hesabatları barədə danışılıb. Bu hesabatlarda məktəbəqədər təhsillə bağlı çağırışlar diqqətə çatdırılıb. Bununla yanaşı, IELS beynəlxalq tədqiqatının məhz 5 yaşlı uşaqları əhatə etməsinin önəmi və səbəbləri müzakirə edilib.
Azərbaycanın ilk dəfə iştirak edəcəyi tədqiqat əsasında 5 yaşlılarda ölçülməsi nəzərdə tutulan 4 əsas bacarıq – ilkin savadlılıq, ilkin hesablama, özünü tənzimləmə və sosial-emosional bacarıqları özündə əks etdirən oyun əsaslı fəaliyyətlər haqqında tərbiyəçilərə məlumat verilib.