AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Təranə Həşimovanın “Orta əsrlərdə Azərbaycan və özbək ədəbi əlaqələri: ədəbi təsir, ortaq mövzular” məqaləsi Türkiyədə “Turkuaz” beynəlxalq elmi araşdırmalar jurnalında dərc olunub.
Bu barədə "
TehsilMedia.az"a Şərqşünaslıq İnstitutundan məlumat verilib.
Bildirilib ki, məqalədə Azərbaycan və özbək xalqlarının ədəbi əlaqələrinin tarixindən bəhs edilir. Müəllif orta əsrlər Azərbaycan poeziyasının özbək ədəbiyyatında rolu, özbək poeziyasının bu istiqamətdə inkişafı, bədii təsir, ənənələr və təmayüllər kimi ədəbi məsələləri araşdırıb. Yazıda klassik Azərbaycan şairləri Nizami Gəncəvi və İmadəddin Nəsiminin özbək klassikləri Əlişir Nəvai, Mövlanə Lütfi, Səkkaki, Muqimi və başqa özbək şairlərinin sənətinə təsirindən, ortaq mövzularda qələmə alınan əsərlərdən, bədii tərcümənin ədəbi əlaqələrin inkişafında rolundan bəhs olunur.