ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində metodik dəstək göstərilən bütün məktəblərdə müəllimlərlə görüşlər davam etdirilir.
2024-cü ilin yanvar ayında 18, 38, 51, 75, 178 və 227 nömrəli tam orta məktəblərdə müxtəlif fənn müəllimləri tərəfindən metodik görüşlər təşkil edilib və MİP çərçivəsində planlaşdırılan fəaliyyətlər müzakirə olunub. Metodik görüşlərdə “Şagirdlərin sağlamlığı, texniki təhlükəsizliyi və mühafizəsi üçün mühitin təşkili”, “Diferensial yanaşma”, “Planlaşdırma və yazı bacarıqları”, “Summativ qiymətləndirmə nümunələrinin hazırlanması” mövzuları üzrə müzakirələr aparılıb.
Növbəti günlərdə həmçinin məktəblərin idarəetmə heyəti üçün təlimlərin həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2022–2023-cü tədris ilindən etibarən ARTİ MDPİM tərəfindən orta məktəblərdə şagird nailiyyətinin yüksəldilməsi məqsədilə MİP üzrə fəaliyyətlər həyata keçirilir. Belə ki, müəllimlər üçün metodika və pedaqogika üzrə müxtəlif mövzularda təlim, seminar, vebinar, dərsdinləmə, metodik görüşlər təşkil edilir.
3 il müddətində reallaşdırılması nəzərdə tutulan MİP-in məqsədi məktəbin inkişafı istiqamətində müəllimlərin metodik bacarıqlarının artırılması, məktəb daxilində öyrənmə mühitinin qurulması, müəllimlər arasında əməkdaşlığın, sağlam-psixoloji mühitin təmin edilməsidir.