Hazırda repetitor və hazırlıq kurslarına getmədən ali təhsil müəssisələrinə qəbul olmaq abituriyentlər üçün çətindir. Məlum məsələdir ki, övladını bütün lazımi fənlərdən hazırlığa qoymaq istəyən valideyn xeyli pul xərcləmələdir. Belə olan halda maddi vəziyyəti yaxşı olmayan ailələr övladını repetitor yanına qoya bilmir.
Həmin abituriyentlər üçün məktəblər hansı imkanlar yarada bilər?
Təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, repetitorsuz ali məktəbə hazırlaşmaq çox çətinləşib:
“Azərbaycanda təhsil proqramı o qədər ağırdır ki, repetitor dəstəyi olmadan universitetə qəbul olmaq mümkünsüzdür. Məsələn, bir fənn deyək, Azərbaycan dili. Bu fəndən 5-ci sinifdən 11-ci sinifə qədər, yəni 6 tədris ilinin mövzularını, şagirdlər mənimsəməlidir”.
Ekspertin sözlərinə görə mövzuların daha geniş forması məktəb dərsliklərində yoxdur və şagird repetitor dəstəyi almadan heç cür universitetə hazırlaşa bilmir. Bu da böyük əngəl yaradır:
“Bu əngəl olmadığı təqdirdə problem aradan qalxacaq. Belə bir halda da şagirdlər məcburdur ki, ya hazırlıq kurslarına getsinlər, ya da repetitorlara müraciət edib biliklərini möhkəmləndirsinlər. Yalnız bu halda universitetə qəbul olmaq üçün lazımi balı toplaya bilərlər”.
R.Nurəliyev mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə təklif göndərdiyini qeyd etdi. Təklifində söyləyib ki, 10-12-ci siniflər yaradılıb, bu illər ərzində abituriyentin seçdiyi ixtisas qrupunun fənləri tədris olunsa, daha yaxşı olar:
“Biz Azərbaycan təhsilini 3 pilləyə bölə bilərik: İbtidai, icbari və ali məktəbə hazırlıq pilləsi. Birinci pillə adından da göründüyü kimi, 1-4-cü sinifləri əhatə edir. İcbari təhsil isə 5-9-cu sinifləri. Hansı ki, 9-cu sinfə qədər şagird bütün fənlər üzrə dərs keçib, attestatını alacaq. 10-12-ci siniflər isə ali təhsil müəssisələrinə hazırlıq dövrü ola bilər. Yəni orta məktəblərimiz birbaşa kurs rolunu oynamış olacaq və onlara keçirilən dərslər Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi proqram əsasında keçiriləcək. Bu vəziyyətdə şagird hər hansı bir hazırlıq kursuna və yaxud da repetitor yanına getməsinə ehtiyac olacaqmı? Qətiyyən yox
Düzdür, təklif etdiyim sistem reallaşsa belə yenə də repetitorlara müraciət edən olacaq. Lakin məqsəd kütləviliyin qarşısını almaqdır. Sistemi ümumi olaraq bu formada dəyişib, bütün proqramları buna uyğunlaşdırsaq, burada artıq repetitor və yaxud da fərqli kurslar məsələsi aktuallığını itirəcək. Həmçinin, bu şagirdlərin davamiyyətinə, müəllimlərin aldığı maaşa və həvəslənməsinə də müsbət təsir göstərəcək. Valideynin repetitor üçün və yaxud da hazırlıq kursu üçün ayırdığı əlavə vəsaiti öz digər işlərinə qalacaq”.
Ekspert qeyd edib ki, sistem dəyişilmədikcə təhsilimiz düzəlməyək:
“Mən təhsilimizi sökülmüş bir şalvara və yaxud da kostyuma bənzədirəm. Sökülmüş bir kostyumu nə qədər yamasan da bu yamaq qalır. Təhsilimizdə əsaslı dəyişiklik olmalıdır”, - deyə fikrini tamamlayıb.