Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyasının elmi işçisi Aytac Muradova Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində ezamiyyətdə olub.
İnstitutdan bildirilib ki, Aytac Muradova ezamiyyət müddətində Dokuz Eylül Universitetində Xəzər dənizinin cənub sahillərindən (Lənkəran, Astara rayonları) 2022-2023-cü illər ərzində 15 təyinat nöqtəsindən toplanmış, identifikasiya olunmuş yosun nümunələri üzərində tədqiqat aparıb. Tədqiq zamanı nümunənin ekstraktı alınıb, gümüş nanohissəciklər sintez edilib, yosun ekstraktının təsiri ilə alınmış gümüş nanohissəciklər xarakterizə edilib, kimyəvi və fiziki amillərin təsiri müəyyənləşdirilib. HPLC (yüksək effektivli maye xromatoqrafiya) üsulu ilə Ulva lactuca və Ulva compressa növləri müqayisəli şəkildə öyrənilib.
Sonda Botanika İnstitutunda Aytac Muradovanın təqdimatında elmi seminar keçirilib. Seminarda gənc doktorantın tədqiqatının nəticəsinə dair məruzəsi dinlənilib.